Azərbaycan 10 il əvvəl beynəlxalq kosmik ailənin üzvü olub

Azərbaycan 10 il  əvvəl beynəlxalq kosmik ailənin üzvü olub
Gülnar Mürsəlova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin müəllimi
Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmışdır. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.
Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə qatılacaq. Beynəlxalq Astronavtika Konqresində 150 şirkət sərgi pavilyonunda təmsil olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açılış mərasimində çıxış edərək dedi: "Azərbaycan 10 ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər."
Azərbaycan iki mühüm beynəlxalq təsisatın–İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Biz eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdənik və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir. Çünki Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən, təbii olaraq mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması bizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir.
Azərbaycan, həmçinin dünyada ilk dəfə - XIX əsrin ortalarında neftin hasil edildiyi ölkə kimi tanınır. O zaman dünyada neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. Bir çoxları bəlkə də bunu bilmir, ancaq XX əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft məhz Azərbaycanda - Xəzər dənizində azərbaycanlı neftçilər tərəfindən hasil edilib. Bu gün müstəqil ölkə olaraq, bizim təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir. Müstəqillik illərinin sürətli transformasiyası bizim təbii sərvətlərimizin düzgün istifadəsinin təzahürüdür. Neftlə zəngin olan bəzi ölkələr üçün neft lənət deməkdir. Bizim üçün isə bu inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitə idi.
Üç il əvvəl biz təxminən 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi. 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Açıq dənizə çıxışı olmayan ölkəmizdə hərc-mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın görünmürdü. Lakin xalqımız güclü siyasi iradəsini nümayiş etdirdi. Biz uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışdıq. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq, lakin əfsuslar ki, biz anladıq: bunu sülh yolu ilə etmək mümkünsüzdür. Biz özünümüdafiə hüququmuzdan istifadə etdik. Biz BMT nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq.
Bu gün biz göstəririk ki, həqiqətən müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Biz aydın şəkildə anlayırıq ki, bütün əsas səylərimiz özünü təmin edən iqtisadiyyatın necə qurulmasına yönəlmişdir. Yəni, biz hər hansı qlobal güc mərkəzindən və ya hər hansı maliyyə təsisatından asılı vəziyyətə düşməyək. Biz buna nail olduq. Biz Konqresə ikinci dəfə ev sahibliyi etməkdən olduqca fərəhlənirik, çünki qeyd edildiyi və göstərildiyi kimi, o, artıq bir dəfə 1973-cü ildə təşkil olunmuşdur. 24-cü Konqres Bakıda keçirilmişdir. Əlbəttə ki, belə bir mühüm tədbirə ikinci dəfə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir və mən həmin qərarın qəbul olunmasında iştirak edən bütün şəxslərə bir daha təşəkkürümü bildirirəm.
Beləliklə, Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır.