Məcid Rəsulov
YAP Suraxanı rayonu təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 140 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan və Macarıstan arasında əlaqələr sürətlə inkişaf edir. Təbii ki, beynəxalq aləmdə baş veran hadisələr eyni zamanda ölkəmizin regionda artan nüfuzu da buna təkan veran amillərdəndir. Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir ki, Azərbaycan Avrasiyada aparıcı enerji mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdir. Azərbaycanın enerji siyasətinin bir neçə istiqaməti mövcuddur ki, bunlardan daha vacib olan ikisini xüsusi qeyd etmək mümkündür. Birincisi, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmini, ikincisi isə digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfə ilə bağlı idi. Bu baxımdan həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət daşıyır.
XXI əsrin ilk illərində ölkəmizdə aparılan geniş miqyaslı islahatların daha da dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur. Hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır. Xəzər hövzəsi regionunun dünya üçün mühüm enerji mənbəyi olması Avropanın diqqətindən yayınmır. Qərb dövlətləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Azərbaycanın Qərblə iqtisadi və strateji əməkdaşlığının möhkəmlənməsində neft-qaz amilinin böyük rolu var. Məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmizin Qərbdə etibarlı müttəfiq imicini yaradıb. Neft respublikamızın ən zəngin təbii sərvətidir və onun ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu vardır.
Qeyd etmək lazımdır ki, bütün bunlar, bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan böyük neft strategiyası və onun layiqli davamçısı Cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Prezident İlham Əliyev çox gözəl şəkildə bildirmişdi: “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir.” Eyni zamanda, dövlətimizin başçısı “Şahdəniz” layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyinə əmin olduğunu bəyan etmişdir. Bəli dəyişən qlobal dünyada biz bunu əyani şəkildə görməkdəyik. Rusiya-Ukrayna müharibəsi Avropanın enerji ehtiyaclarının ödənilməməsi Azərbaycanı əvəzsiz enerji tərəfdaşına çevirdi. Bu məqamda da Cənab İlham Əliyev çox düşünülmüş siyasət aparır, etibarlı tərəfdaşlar seçir. Belə dövlətlərdən biri də Macarıstandır. Bizim dərin tarixi köklərə malik əlaqələrimiz var. Hazırki əlaqələrimiz də bu köklər üzərində inkişaf edir. Artıq Azərbaycan Avropa enerji təhlükəsizliyinin açarı rolunu oynayır.
Macarıstanın Baş naziri Viktor Orban çıxışında bunu belə qeyd edir” O zaman hər iki ölkə artıq onun üzərində çalışırdı ki, Azərbaycandan enerji Avropaya nəql edilsin. O zaman həmin plan həyata keçirilmədi, yadınızdadırsa, bu, NABUKKO layihəsidir. Ola bilər bir vaxt gələcək tarixçilər buna diqqət yetirəcəklər ki, nə üçün NABUKKO layihəsi təxirə salındı. Əlbəttə, bu Rusiyanın Ukraynanı işğalından daha öncəki dövrə təsadüf edir. O zaman təbii ki, enerji resursları Avropaya nəql edilmədi, bu gün isə biz yenidən ssenari ilə üz-üzəyik ki, Azərbaycandan Avropaya enerji həcmləri nəql edilsin. Bu səbəbdən biz Azərbaycanın bu məsələyə sadiqliyini çox yüksək qiymətləndiririk ki, Azərbaycan Avropa İttifaqı ilə müvafiq sənəd imzalayıbdır. Həmin sənədə uyğun olaraq, 2027-ci ilə qədər Azərbaycan Avropaya nəql ediləcək qazın həcmini iki dəfə artıracaqdır. Bu gün beynəlxalq münasibətlərdə olan mühit əvvəlkindən olduqca təhlükəlidir. Bizim qonşuluğumuzda baş verən müharibə və Brüssel tərəfindən tətbiq edilmiş sanksiyalar Macarıstan üçün olduqca təhlükəli bir vəziyyət yaradıb, bizim enerji təhlükəsizliyimiz, Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyub. Burada yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi.
Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir. Bunu bu gün Avropada hər kəs anlayır ki, bizim bu vəziyyətə olan cavabımız şaxələndirmədir. Müxtəlif mənbələrdən maksimal dərəcədə nəql edilə biləcək həcmdən söhbət gedir. Mən çox şadam ki, Macarıstan həll yolunun - problemin deyil, həll yolunun tərkib hissəsi olacaqdır.” Bunlar tarixi məqamlardı və Cənab Prezidentimiz İlham Əliyev də çıxışında eyni məqamlara toxunaraq” Əlbəttə ki, uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı.
Cənab Baş nazir xatırlatdı ki, vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.”deya bildirdi. Bəli hazırki vəziyyətdə Azərbaycan Avropa üçün olduqca vacib rol oynayır. Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəsmi səfəri bunun sübutudur.