“Ana dilim, varlığım” adlı ədəbi-bədii gecə keçirildi
Fevralın 19-da Bakı şəhəri Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbdə “Ana dilim, varlığım” adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Bakı Şəhər Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva, Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Kimya Texnologiyaları fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, Odlar yurdu Universitetinin filologiya və Humanitar fənlər kafedrasının dosenti, məktəbimizin məzunu Ülviyyə Mehralıyeva, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam, dünyada ilk dəfə Quranı ipək parça üzərində yazan Tünzalə Məmmədzadə, Neft-energetika kollecinin direktoru Ata Babayev, Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü Hacıbəy Heydərli, İslahatçı Gənclər İctimai Birliyinin rəhbəri Fərid Şahbazov, Suraxanı rayon polis idarəsinin yetkinlik yaşına çatmayanların iş bölməsinin rəisi Əfqan Ağayev, şəhid anaları, ziyalılar, rayonun tanınmış ictimaiyyət nümayəndələri, media işçiləri iştirak edirdilər.
Məktəbin föyesindəki sərgidə gənc rəssamların çəkdiyi əsərlər, şux rəqslər, Azərbaycan idmanına töhfələr verən, müxtəlif medallarla təltif olunan gənc idmançılaın çıxışları, eləcə də AYB və AJB-nin üzvü, tarix müəllimi Təranə Cəbiyevanın tariximizə aid şəxsi kolleksiyası və müəllifi olduğu kitablar təqdim olundu.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək şəhid olan igid oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Məktəbin direktoru, şəhid anası Arzu Məmmədova çıxışında 21 fevral Beynəlxalq Ana dili Günü haqqında məlumat verərək, bu gün Azərbaycan xalqının ruhunu, tarixini, kimliyini yaşadan ana dilimizin hər birimizin milli sərvəti olduğunu diqqətə çatdırdı.
YAP Suraxanı Rayon sədri Vüqar Seyidov çıxış edərək bildirdi ki, Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Vüqar Seyidov xüsusi vurğulamışdır ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 2001-ci ilin iyulunda Ulu Öndərin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı imzalandı. Eyni zamanda, həmin vaxtlarda Dil Şurası da yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində, o cümlədən Türk dünyasında Ümummilli Lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Ana dili amilinin çox böyük əhəmiyyəti var idi. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ona görə də o böyük tarixi şəxsiyyət Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı.
Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva, Bakı Şəhər Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, şəhid Qəhrəmanov Orxanın anası Arzu xanım, Odlar yurdu Universitetinin filologiya və Humanitar fənlər kafedrasının dosenti, məktəbimizin məzunu Ülviyyə Mehralıyeva çıxış edərək dünya dilləri içərisində əsas yer tutan ana dilimizin əsrarəngiz gözəlliyindən, babalarımızdan əmanət qalan dilimizin qorunmasının vacibliyindən və gənc nəsillərə milli qürumuz olan ana dilimizə həmişə dəstək olmağı söylədilər.
Şagirdlərin hazırladıqları mahnılar, şeir çələngi, tarixi şəxsiyyətlərimizdən - Ş.İ.Xətainin, M.Füzulinin, İ.Nəsiminin, X.Natəvanın dili ilə səsləndirilməsi tədbirə xoş ovqat bəxş elədi.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.