Almaniya Azərbaycanı Cənubi Qafazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini dəstəkləyir

Almaniya Azərbaycanı Cənubi Qafazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini dəstəkləyir
Könül Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə Orta Dəhliz layihəsi və bu layihədə Azərbaycanın rolu, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi, yaşıl enerji ilə bağlı əməkdaşlığa toxunuldu. COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil edildiyi və həmin tədbir zamanı iqlim gündəliyi ilə bağlı mühüm nəticələrin əldə olunduğu vurğulandı.

Söhbət zamanı humanitar əlaqələrin inkişafına toxunuldu. Alman icmasının uzun illər Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşaması və onlara dövlət səviyyəsində göstərilən yüksək diqqət qeyd edildi. Səfər zamanı iki prezident arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin möhkəmləndirilməsi və enerji sahəsində strateji tərəfdaşlığın inkşafı əsas müzakirə mövzularından biri olub.

Almaniya Federativ Respublikasınnın prezident Frank-Valter Ştaynmayerin Azərbaycana ilk səfəri həm də iki ölkə arasında etibarlı tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Onu da vurğulayaq ki, Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.

Prezident Frank-Valter Ştaynmayerin səfəri həmçinin onu sübut edir ki, Almaniya Azərbaycanı Cənubi Qafazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini dəstəkləyir: "Almaniya Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi būtövlüyünü tam dəstəklədiyini də dəfələrlə bəyan edib. Frank-Valter Ştaynmayerin bu gün prezidentlərin mətbuata birgə bəyanatında "Biz Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq" deməsi bunun əyani sübutudur!"

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu baxımdan, Almaniya ilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Bununla yanaşı, səfər çərçivəsində regional təhlükəsizlik, Ermənistan-Azərbaycan sülh prosesi dövründə Qarabağın bərpası və yenidən qurulması kimi məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan müharibədən sonra regionda uzunmüddətli sabitliyin təmin olunması üçün fəal diplomatik addımlar atır. Buna baxmayaraq Ermənistan tərəfi bu sabitliyi tez-tez pozmağa çalışır. Xəyallarında qurduqları Dağlıq Qarabağ adlı bir respublika yaratmaq fikirlərin çəkməkdə çətinlik çəkirlər. Lakin biz Cənubi Qafqazda sülhün tərəfdarıyıq və missiyamızı dünya ölkələrinə dönə-dönə çatdırırıq. Azərbaycan dünya ölkələrinə düzgün faktlar nümayiş etdirir.

Prezidentimiz İlham Əliyev Ermənistanın tezliklə əldə oluna biləcək sülh üçün atmalı olduğu addımları növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Qarabağın Azərbaycanın suveren ərazisi olması və rəsmi Berlinin buna dair mövqeyinin dəyişməz olduğunu ifadə etməsi Avropada ölkəmizə düşmən mövqedə olan dövlət və dairələrin planlarını pozdu. Əminliklə demək olar ki, bu səfər Azərbaycan-Almaniya münasibətlərini daha da gücləndirəcək və Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirəcək.

Sonda Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bir çox tarixi abidələrimizi ziyarət edib.O, orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi barədə də məlumatlandırılıb.

İçərişəhərlə tanışlıq Prezident Frank-Valter Ştaynmayerdə və xanımı Elke Büdenbenderdə xoş təəssüratlar yaradıb.