ABŞ ilə əlaqələrin ali səviyyədə qurulması yalnız ölkəmizin deyil, bütün regionumuzun maraqlarına xidmət edir

ABŞ ilə əlaqələrin  ali səviyyədə qurulması yalnız ölkəmizin deyil, bütün regionumuzun maraqlarına xidmət edir

Zeynəb Əlizadə

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin əməkdaşı

Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri baş tutdu və gözlənildiyi kimi iki dövlət arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə nəticələndi. Əlbəttə, dünyanın ən qüdrətli dövlətinin vitse-prezidentinin Azərbaycana rəsmi səfərə gəlməsi Azərbaycanın dünya miqyasında hörmət və ehtiramını daha da artıran amildir. Xüsusilə də, ABŞ-ın sülh prosesində fəal iştirak etməsi və strateji əməkdaşlıqla bağlı mühum sənədlərin imzalanması iki ölkə arasında münasibətləri daha da dərinləşdirir.

Azərbaycanın beynəlxalq nüfuzu son 20 ildə əhəmiyyətli şəkildə artmışdır. Dövlət beynəlxalq təşkilatlarda fəal iştirak edir, qlobal təşəbbüslərə qoşulur və regional liderlik mövqeyini gücləndirir. Xarici siyasətimiz balanslıdır və milli maraqlara söykənir. Həm Qərb, həm Şərq ölkələri ilə əməkdaşlıq, Türkiyə ilə strateji müttəfiqlik, qonşularla – Rusiya və İranla – səmərəli münasibətlər, eləcə də Avropa ilə enerji tərəfdaşlığı ölkəni etibarlı tərəfdaş kimi tanıtdırır. Son dövrlər ABŞ-ın regionda aktivləşməsi fonunda Azərbaycanın strateji tərəfdarına çevrilməsi xüsusi əhəmiyyətə malikdir. Bütün sahələrdə ABŞ ilə əlaqələrin ali səviyyədə qurulması yalnız ölkəmizin deyil, bütün regionun maraqlarına xidmət edir.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasının nümunələrindən biri də Qoşulmama Hərəkatındakı fəal roludur. 2011-ci ildən üzv olduğu hərəkat çərçivəsində ölkəmiz inkişaf etməkdə olan dövlətlərin maraqlarını müdafiə etmiş, 2019–2023-cü illərdə sədrliyi ilə müstəqil və balanslı siyasətini göstərərək etibarlı tərəfdaş kimi nüfuzunu artırmışdır. Bu siyahını uzatmaq olar. Lakin şübhəsiz ki, dünyada özünün müstəsna hegemon mövqeyi ilə fərqlənən, bir çox qlobal məsələlərdə əsas oyun şərtlərini diqtə edən ABŞ kimi super-dövlətlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması böyük beynəlxalq uğur sayılmalıdır.

44 günlük Vətən müharibəsi sonra regionda formalaşan yeni siyasi reallıq, ərazi bütövlüyünün bərpası və bərpa-quruculuq işləri Azərbaycanın həm siyasi, həm hərbi gücünü nümayiş etdirmişdir. Bakı beynəlxalq tədbirlərə ev sahibliyi etməklə ölkənin nüfuzunu daha da möhkəmləndirmişdir. Bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti nəticəsində mümkün olmuşdur. Bu məqam ABŞ-ın da diqqətini çəkmiş və sülh prosesini sürətləndirərək, gələcəkdə regionda söz sahibinə çevrilmək üçün aktiv fazada yer almışdır. Xüsusi ilə də Prezident Trampın ikinci prezidentliyi dövründə ABŞ-ın beynəlxalq siyasətdə rolunun daha da artdığını, bir çox qlobal proses və məsələlərdə onun həlledici rolunu, hazırkı administrasiyanın ölkəmizə çox müsbət münasibətini nəzərə alsaq, Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”, – sözləri münasibətlərin indiki səviyyəsinin daha bir meyarı kimi çıxış edir.

Azərbaycan gənci olaraq ölkəmizin milli maraqlarına söykənən xarici siyasətini və bu siyasətin memarı Prezident cənab İlham Əliyevi dəstəkləyirik, ona çətin və şərəfli işində uğurlar arzu edirik.