“8 Noyabr” Elektrik Stansiyası, qısa müddətdə və yüksək texniki göstəricilərlə inşa edilərək rekord nəticə kimi qiymətləndirilmişdir

Energetika sahəsi müasir dövrdə hər bir dövlətin iqtisadi inkişafının əsası, siyasi müstəqilliyinin təminatçısı və milli təhlükəsizliyinin sütunu sayılır. Bu baxımdan, Azərbaycan Respublikasının enerji siyasəti sistemli yanaşma, uzaqgörənlik və davamlı inkişaf prinsipləri üzərində qurulmuşdur. 2024-cü ilin mühüm hadisələrindən biri olan “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkənin enerji strategiyasında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihə, həm enerji təhlükəsizliyi, həm də milli birlik və qürurun simvoluna çevrilmişdir.
Azərbaycanın enerji sektorunda təməl prinsiplər ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdən etibarən qoyulmuşdur. 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulması, o dövr üçün strateji əhəmiyyət kəsb edən addım idi. Bu stansiya illərlə ölkənin enerji təchizatında əsas rol oynamışdır. Müstəqillik dövründə isə bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilmiş, enerji sahəsində ardıcıl islahatlar və yeni texnologiyaların tətbiqi təmin edilmişdir.
Son 20 il ərzində Azərbaycanın energetika sistemi faktiki olaraq sıfırdan yenidən qurulmuşdur. Köhnə sovet infrastrukturu müasir, dayanıqlı və yüksək məhsuldarlıqlı sistemlərlə əvəz edilmişdir. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasına start verilməsi bu istiqamətdə atılmış mühüm addımlardan biri oldu. Bu prosesin davamı olaraq 2024-cü ildə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası, qısa müddətdə və yüksək texniki göstəricilərlə inşa edilərək rekord nəticə kimi qiymətləndirilmişdir.
Bu stansiyanın “8 Noyabr” adlandırılması sadəcə texniki müəssisəyə ad vermək deyildi – bu, Azərbaycanın şanlı Zəfər Gününün – Şuşanın azad olunduğu tarixin əbədiləşdirilməsi idi. Prezident İlham Əliyev çıxışında qeyd etmişdi ki, “təklif edilən variantlar arasında ‘8 Noyabr’ı mən seçdim, çünki bu, bizim şanlı Zəfərimizin tarixidir”. Beləliklə, enerji infrastrukturu ilə xalqın qəhrəmanlıq salnaməsi arasında rəmzi körpüdür. “8 Noyabr” Elektrik Stansiyası təkcə daxili istehsalat gücünün artırılması məqsədi daşımır, eyni zamanda Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında mövqeyini gücləndirir. Bu layihədə İtaliya və Çin kimi böyük dövlətlərin iştirakı Azərbaycanın strateji tərəfdaşlıq siyasətinin göstəricisidir. Qlobal enerji bazarlarında etibarlı və sabit tərəfdaş kimi çıxış edən Azərbaycan, həm də tranzit ölkə rolunu uğurla oynayır.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi mühüm fikirlərdən biri də energetikanın milli təhlükəsizlik məsələsi olmasıdır. Müasir dünyada enerji yalnız iqtisadi məsələ deyil, həm də geosiyasi alətdir. “8 Noyabr” stansiyasının istifadəyə verilməsi Azərbaycanın daxili enerji ehtiyatlarına arxalanaraq müstəqil və dayanıqlı inkişaf yolunu seçdiyini bir daha təsdiqləyir. Bu, həm də bölgədə artan münaqişələr fonunda sabitlik amilinə çevrilir.
“8 Noyabr” Elektrik Stansiyasının açılışı bir daha sübut etdi ki, Azərbaycan həm iqtisadi güc, həm də milli iradə baxımından güclü və perspektivli dövlətdir. Bu layihə yalnız bir stansiyanın istifadəyə verilməsi deyil, ölkənin gələcəyinə qoyulan strateji sərmayədir. Tarixi qələbəmizin adını daşıyan bu mühüm obyekt, həm Azərbaycanın enerji müstəqilliyini təmin edir, həm də xalqımızın qürur mənbəyinə çevrilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük hədəflərə doğru inamla irəliləyir – güclü enerji sistemi isə bu yolun möhkəm təməlidir.