31 Mart Azərbaycan tarixində unudulmaz bir gündür.
Vüsalə Qurbanova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayonu, Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi
Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə ötürülmüşdür. 1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən növbəti dəhşətli soyqırımı aktı həyata keçirilib. Ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində on minlərlə Azərbaycan türkü və digər xalqların nümayəndələri vəhşicəsinə qətlə yetirilib. 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycan türklərinə və burada yaşayan digər xalqlara qarşı törədilən kütləvi qətllər ona qədərki dövrdə yeridilən siyasətin nəticəsi idi və bu nəticə sonralar çoxlu faciəvi hadisələrə səbəb oldu.
Tariximizin bu 31 Mart səhifəsinin unikallığı ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. Tarixçilər XX əsri “bəşər tarixinin ən zəngin, ən ziddiyyətli və eyni zamanda da şərəfli, həm də qanlı-qadalı əsri” adlandırırlar. Şərəfilə yanaşı, qanlı-qadası da bizim payımıza düşdü. Əvvəlində də, sonunda da faciələrə soyqırımlara məruz qaldıq. Dünyanın siyasi xəritəsini, bəşəri, tərəqqi və inkişafın məcrasını dəyişən XX əsr bütün dünya kimi Azərbaycanı da milli intibah, siyasi oyanış, müstəqillik və istiqlal yoluna cəlb etdi.Bu istiqlal, bu oyanış bizə qanlı faciələrin, soyqırımların bahasına başa gəldi. Belə faciələrdən biri də 100 ili haqlayan 1918-ci il martın sonlarından aprelin əvvəllərinə kimi xalqımıza qarşı törədilən, tarixdə misli görünməmiş mart faciəsi oldu.
Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər.
1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Soyqırımlar Azərbaycan xalqının məqsədli şəkildə başına gələn faciələrdir. Məqsəd Azərbaycan xalqının gözünü qorxutmaq, torpağını əldə edib başqa dövlətlərin marağına uyğun hərəkət etdirməkdir. Ümumiyyətlə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, mənəviyyatına sahib olmaqdan ötrü atılan addımlardır. Biz bu mövzuya ona görə qayıdırıq ki, tarixdən nəticə çıxaraq. Gələcəkdə belə hadisələrin baş verməməsi üçün qabaqlayıcı addımlarımızı ataq
1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu. Bu Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir.
Təqdirəlayiq haldır ki, Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa etmiş, soyqırımı cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid etmiş, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı xalqa müraciətlərində ermənilərin müxtəlif illərdə dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirmələri, soydaşlarımızın yurd-yuvalarından didərgin salınması, ərazilərimizin işğalı, erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzünün bu gün də davam etməsi, onun ağır nəticələrinin yüz minlərlə soydaşımızın taleyində özünü büruzə verməsi, Ermənistanın və havadarlarının təcavüzkar siyasətinin iflasa məhkum olması, bunun hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə ziddiyyət təşkil etməsi qeyd olunmaqla yanaşı, belə bir zamanda dövlətin və hər birimizin qarşısında duran başlıca vəzifələr göstərilir.
"Bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli işləməliyik", - deyə Prezident cənab İlham Əliyev bildirir. Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik tələb olunur. İnanırıq ki, vaxt gələcək dünya birliyi ermənilərin Azərbaycan xalqına qarşı tarixən törətdiyi cinayətlərə, soyqırımına obyektiv qiymət verəcək.