27 Sentyabrın Anım Günü kimi qeyd olunması təsadüfi deyil

Tutu Həmzəyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin direktor müavini
27 Sentyabr Azərbaycan xalqının yaddaşında sadəcə bir tarix deyil, həm də milli qürurun, birliyin və fədakarlığın rəmzidir. Bu gün hər bir azərbaycanlı şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla anır, onların açdığı yolun davamçısı olduğunu bir daha dərk edir. Anım Günü xalqımızın milli kimliyinin, azadlıq iradəsinin və vətənpərvərlik ruhunun gücləndiyi, tarixə çevrilmiş qəhrəmanlıq səhifələrinin xatırladıldığı bir gündür.
XX əsrin sonlarında Ermənistanın əsassız iddiaları və işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxın müddətdə işğal altında qaldı. Minlərlə insan doğma yurdundan didərgin düşdü, kəndlər viran edildi, mədəniyyət abidələri dağıdıldı. Azərbaycan xalqı bu ədalətsizliyi heç zaman qəbul etmədi və işğalla barışmadı.
Lakin bu xalqımızı daha da möhkəmləndirdi. Bu dövrdə nəsildən-nəsilə ötürülən bir amal vardı – torpaqlarımıza qayıtmaq, şəhidlərin qanını yerdə qoymamaq. 2020-ci ilin payızında başlanan Vətən müharibəsi isə məhz bu amalla xalqımızı bir yumruq kimi birləşdirdi.
Bu gün şəhid ailələrinin gözlərindəki yaş həm kədərin, həm də qürurun təzahürüdür. Çünki onların övladları, qardaşları, ataları bu xalqın gələcəyi üçün canlarını fəda ediblər. Onların qoyduğu iz silinməzdir və bu iz Azərbaycanın hər daşında, hər çiçəyində yaşayır.
44 gün davam edən Vətən müharibəsi yalnız hərbi əməliyyatların uğuru deyildi. Bu, həm də milli iradənin, birlik və həmrəyliyin təntənəsi idi. Əsgər və zabitlərimizin igidliyi, xalqın birliyi və dövlətin güclü siyasi iradəsi nəticəsində Azərbaycan öz tarixi torpaqlarını azad etdi. Bu zəfər Azərbaycan xalqının əsrlərlə formalaşan dövlətçilik ənənələrinin, sarsılmaz iradəsinin və milli birliyinin təcəssümü idi.
Bu gün Qarabağın azad edilmiş şəhərlərinə və kəndlərinə Azərbaycan bayrağı sancılıbsa, bu, şəhidlərimizin, qazilərimizin və bütün xalqımızın əzminin nəticəsidir.
27 Sentyabrın Anım Günü kimi qeyd olunması təsadüfi deyil. Bu gün bizə bir daha göstərir ki, azadlıq və müstəqillik dəyərini qorumaq üçün xalqın daim ayıq və güclü olması vacibdir. Tarix sübut etdi ki, səbir, fədakarlıq və birlik böyük qələbəyə aparan əsas yoldur.
Bu günün ən böyük mesajı isə gələcək nəsillərə ünvanlanır: Vətəni sevmək yalnız sözlə yox, həm də əməl ilə olmalıdır. Torpağı qorumaq, dövlətin inkişafına töhfə vermək, milli-mənəvi dəyərləri yaşatmaq hər bir azərbaycanlının borcudur.
Şəhidlərimizin arzusu azad, güclü və firavan bir Azərbaycan görmək idi. Bu gün onların ruhu şaddır, çünki xalqımız öz müqəddəratını azad torpaqlarda yazır. Qarabağda həyata keçirilən bərpa və quruculuq işləri, yeni şəhərlərin salınması, doğma yurdlarına qayıdan insanların sevinci şəhidlərin amallarının gerçəkləşdiyini sübut edir.
27 Sentyabr – Anım Günü hər bir azərbaycanlı üçün həm hüzn, həm də qürur günüdür. Bu tarix bizə azadlığın dəyərini, birliyin gücünü və şəhidlərin qoyduğu müqəddəs irsi xatırladır. Bu gün biz onların xatirəsini anmaqla yanaşı, həm də özümüzə söz veririk: Vətən uğrunda canlarını fəda edənlərin yolunu daim davam etdirəcəyik.