26 Fevral – Xocalı soyqırımı və tarixi ədalətin bərpası

26 Fevral – Xocalı soyqırımı və tarixi ədalətin bərpası

Kənan Quliyev

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktor müavini

Xocalının zəfər tarixi Azərbaycan dövlətinin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasının mühüm mərhələsidir. Bu tarix təkcə hərbi uğur deyil, həm də 26 fevral 1992-ci ildə baş vermiş faciənin ədalətli nəticəsidir. 1992-ci ilin 25-dən 26-na keçən gecə Xocalı şəhəri işğal edildi. Bu hadisə Azərbaycan tarixinin ən faciəli səhifəsi oldu. Şəhər tamamilə dağıdıldı, əhali didərgin salındı və Xocalı uzun illər işğal altında qaldı.

1994-cü ildə atəşkəs imzalansa da, Xocalı və digər torpaqlar işğal altında qaldı. Bu illər ərzində Azərbaycan dövləti beynəlxalq müstəvidə Xocalı həqiqətlərini tanıtmaq, diplomatik və siyasi mübarizə aparmaq istiqamətində fəaliyyət göstərdi. Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilməsini təmin etdi və 26 fevral “Xocalı Soyqırımı Günü” elan olundu. 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başladı. Azərbaycan Ordusu 44 gün ərzində bir çox strateji əraziləri azad etdi.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla müharibə başa çatdı. Nəticədə Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi. Lakin həmin mərhələdə Xocalı şəhəri hələ də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə qalırdı. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdı ki, Xocalı azad olunmadan suverenliyin tam bərpasından danışmaq mümkün deyil. 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan lokal xarakterli antiterror tədbirlərinə başladı.

20 sentyabr 2023-cü ildə qanunsuz silahlı birləşmələr təslim oldu və Qarabağda konstitusiya quruluşunun bərpası təmin edildi. Bununla da Xocalı şəhəri və rayonu tam şəkildə Azərbaycan dövlətinin nəzarətinə keçdi. Bu tarix Xocalının faktiki azadlığı və suverenliyin bərpası günü kimi tarixə düşdü.

15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xocalı şəhərinə səfər etdi və Azərbaycan Respublikasının Dövlət Bayrağı Xocalıda ucaldıldı. Həmin gün həmçinin Əsgəran qəsəbəsində də Dövlət Bayrağı qaldırıldı. Bu hadisə Xocalının rəsmi şəkildə dövlət hakimiyyətinə qayıdışının simvolu oldu.

26 fevral 2024-cü ildə Xocalıda Soyqırımı Memorialının təməli qoyuldu. Bu, Xocalı zəfərinin yalnız hərbi deyil, həm də tarixi yaddaş baxımından təsdiqi idi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bu tarix artıq işğal altındakı yox, azad Xocalıda qeyd olunurdu.

2024-cü ilin may ayından başlayaraq Xocalı şəhərində çoxmənzilli yaşayış binaları təmir olundu və sakinlərin qayıdışı başlandı.

05 iyul 2024 – Xocalı hava limanına baxış keçirildi.

2025-ci il ərzində:

            enerji yarımstansiyası açıldı;

            sənaye və kənd təsərrüfatı müəssisələri fəaliyyətə başladı;

            Ballıca, Xanabad, Təzəbinə, Xanyurdu və digər kəndlərdə infrastruktur quruldu;

            sakinlərlə görüşlər keçirildi və köç prosesi davam etdi.

Bu mərhələ Xocalının tam dirçəliş və iqtisadi inkişaf mərhələsinə keçdiyini göstərir. Xocalının azad olunması bir neçə mühüm nəticə verdi:

            Azərbaycanın suverenliyi tam bərpa edildi.

            1992-ci ilin faciəsinə siyasi-mənəvi cavab verildi.

            Xocalı şəhidlərinin ruhu qarşısında tarixi ədalət təmin olundu.

            Qarabağda yeni inkişaf və məskunlaşma mərhələsi başladı.

Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz Xocalıya ədaləti döyüş meydanında təmin etdik.”

Xocalının zəfər tarixi 26 fevral 1992-ci il faciəsindən başlayaraq 20 sentyabr 2023-cü ildə suverenliyin tam bərpasına qədər uzanan uzun və çətin yolun nəticəsidir. Bu tarix Azərbaycan xalqının iradəsinin, ordusunun gücünün və dövlət rəhbərliyinin qətiyyətinin təntənəsidir.

Bu gün Xocalı artıq dağıdılmış şəhər deyil – o, azad, bərpa olunan və yenidən məskunlaşan Azərbaycan torpağıdır.