25 noyabrın “Kəlbəcər şəhəri günü” elan olunması bu dirçəlişin rəmzidir
Gülşən Yusubova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 30 saylı ambulatoriyanın baş həkimi
Kəlbəcər Azərbaycanın yüksək dağ silsilələri arasında yerləşən, təbiəti, mineral suları və qədim abidələri ilə seçilən unikal bir bölgədir. 1993-cü ildə bu gözəl diyarın işğalı həm xalqımız üçün, həm də ölkəmizin tarixi-mədəni irsi üçün ağır bir sınağa çevrildi. Lakin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyası, ordunun gücləndirilməsi və dövlətçiliyin möhkəmləndirilməsi gələcək Zəfərin əsasını qoydu. Onun vəsiyyəti – doğma torpaqların azad olunması – illər sonra reallığa çevrildi. 2020-ci il Vətən müharibəsində qazandığımız tarixi Qələbə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi sayəsində Kəlbəcər döyüşsüz şəkildə Azərbaycana qaytarıldı. Bu hadisə dövlət başçısının həm siyasi, həm də diplomatik üstünlüyünün bariz nümunəsi kimi tarixə düşdü.
Azadlıqdan sonra Kəlbəcərdə genişmiqyaslı quruculuq və bərpa işləri başladı. İlham Əliyevin bölgəyə ardıcıl səfərləri nəticəsində Kəlbəcər tamamilə yeni bir mərhələyə qədəm qoydu. Yol-nəqliyyat infrastrukturu müasir standartlara uyğun şəkildə yeniləndi, uzunluğu onlarla kilometr olan tunellər çəkildi, bölgənin enerji potensialı kiçik su elektrik stansiyalarının açılması ilə daha da gücləndirildi.
“İstisu” sanatoriyası, mineral su zavodu və müalicə-istirahət kompleksi yenidən qurularaq Kəlbəcərin turizm brendinə çevrildi. Şəhərin Baş planının təsdiqlənməsi və yüzlərlə ailənin yaşayacağı müasir məhəllələrin təməlqoyması isə bu torpaqlara həyatın tam şəkildə qayıtdığını göstərdi.
Yanşaq, Zar, Zallar kimi kəndlər yenidən salınır, məktəblər, parklar, sosial obyektlər tikilir, bölgəyə böyük qayıdış üçün real şərait formalaşır. Bu gün Kəlbəcər təkcə bərpa edilmir, həm də daha müasir, daha təhlükəsiz və daha güclü bir yaşam məkanına çevrilir.
25 noyabrın “Kəlbəcər şəhəri günü” elan olunması bu dirçəlişin rəmzidir. Bu tarix, Heydər Əliyevin uzaqgörən ideyalarının və İlham Əliyevin tarixi Zəfər strategiyasının təcəssümü kimi xüsusi mənaya malikdir. Kəlbəcərin yenidən dirçəlişi həm dövlətimizin gücünü, həm də xalqımızın sarsılmaz iradəsini nümayiş etdirir.
Bu gün Kəlbəcər yalnız torpaq olaraq deyil, həm də bir Zəfər simvolu kimi yaşayır. Yeni yolları, yeni evləri, yeni həyatı ilə bu diyar Azərbaycanın gələcəyinə doğru inamla addımlayır.