2022-ci ilin “Şuşa ili” elan olunması əsassız erməni iddialarına ən tutarlı cavabdır
Dünya ölkələri müxtəlif adət-ənənələrlə yeni ili qarşılayır. Ölkəmizdə bununla bağlı bir çox rituallar icra olunsa da, yeni ilə daxil olmağa bir neçə dəqiqə qalmış xalqımız öz liderinin, dövlət başçısı cənab İlham Əliyevin ötən ilə yekun vurmasını gözləyir. Bir çox görülmüş vacib işlərlə yanaşı, strateji hədəflər, məqsədlər və yanaşmaların da ifadə olunduğu budəfəki bayram təbriki böyük əhəmiyyətə malik idi.
Heç şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində hər dövlətin özünün yeri vardır. Ölkələrin bir-birilərinə olan münasibəti ilə yanaşı, dünyanın onlara olan münasibəti dövlətlərin gələcək addımlarının müəyyən olunmasında böyük rol oynayır. Son illər ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində ciddi uğurlar əldə etdiyini görməkdəyik. BMT-nin TŞ-nin dörd qətnaməsini özü yerinə yetirən Azərbaycan indi dünyanın ən nüfuzlu və hörmətəlayiq dövlətlərindəndir. Bir zamanlar haqlı ola-ola beynəlxalq təşkilatlarda səsimizi, sözümü eşitməyənlər bu gün bizimlə hesablaşırlar. BMT-dən sonra ikinci ən böyük təşkilat, 120 üzvü olan Qoşulmama Hərəkatı Azərbaycana yekdilliklə bir daha öz dəstəyini ifadə etmişdir. Çünki təşkilatın sədri kimi ölkəmiz bütün üzv dövlətlərin maraqlarını müdafiə etməkdədir. Qoşulmama Hərəkatı bizim məhsuldar fəaliyyətimiz nəticəsində ən etibarlı və nüfuzlu dövrünü yaşayır.
Biz eyni zamanda da ötən il Türk Şurasına sədrliyimizi uğurla başa vurduq. Maraqlı məqam ondan ibarətdir ki, bütün şura üzvləri bizi tarixi qələbəmiz münasibəti ilə təbrik etdilər. Nəzərə alanda ki, Türk Şurasının üzvlərinin əksəriyyəti eyni zamanda da KTMT-yə üzvdürlər, o zaman necə böyük bir uğura imza atdığımızı əyani görmüş olacağıq. Uğurlu və uzun illər əməkdaşlıq etdiyimiz digər beynəlxalq qurum da İslam Əməkdaşlıq Təşkilatıdır. İƏT ilə bizim həm də mənəvi əlaqələrimiz, qırılmaz bağlarımız vardır ki, digər təşkilatlar kimi onlar da haqq mübarizəmizdə bizi dəstəklədilər. Xüsusi ilə müharibənin nəticələrinin dünya ictimaiyyətinə qəbul etdirilməsi nöqteyi nəzərindən İƏT-in fəaliyyəti yüksək qiymətləndirilməlidir.
Ölkəmiz heç vaxt birtərəfli, birqütblü beynəlxalq siyasət xətti seçməmişdir. Bəlkə də bizim bütün dünya dövlətləri ilə yaxşı əlaqələrə malik olmağımızın da əsas səbəbi məhz budur. Milli maraqlar çərçivəsində bütün siyasi qüvvələrlə münasibətlərin qurulmasına əhəmiyyət verilməsi ilin sonunda həm Soçi, həm də Brüssel görüşlərində özünü bir daha bariz büruzə verdi. NATO və Avropa İttifaqına Prezidentin uğurlu səfərləri və bütün üzv dövlətlər tərəfindən Azərbaycanın illərdir müdafiə etdiyi ərazi bütövlüyü məsələsinin dəstəklənməsi müharibənin nəticələrinin dünyanın aparıcı qüvvələri tərəfindən qəbul edilməsi kimi başa düşülməlidir. NATO-nun doqquz zirvə görüşündə bununla bağlı qətnamələr qəbul edilmişdir. Bu dəfə də dəstək yenidən ifadə olundu. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşünün yekununda qəbul edilmiş sənəddə ölkələrin ərazi bütövlüyü, suverenliyi bir daha dəstəkləndi. Müharibə vaxtı bizə qarşı olunmuş təzyiqləri və əsassız iddiaları nəzərə aldığımız zaman qəbul edilən sənədlərin əhəmiyyəti daha da artır. Bu əsassız ittihamların real təsdiqi yoxdur və müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları bu əsassız iddiaları irəli sürənlərə qəbul etdirmək böyük tarixi hadisədir. Azərbaycan Prezidenti, dövləti və hücum strategiyasına malik xarici siyasətimiz bu əhəmiyyətli missiyanı bacardı.
Bizim qonşu dövlətlərlə çox məhsuldar və uzunmüddətli münasibətlərimiz 2021-ci ildə də davam etmişdir. Həmsərhəd dövlətlər və yerləşdiyimiz regionda mövcud olan ölkələrlə ikili münasibətlərimiz ötən il böyük vüsət almışdır. Xüsusi ilə həm regionun, həm də dünyanın ən güclü dövlətləri olan Türkiyə və Rusiya ilə olan strateji əməkdaşlıq xətti daha da yüksəlmişdir. Türkiyə ilə imzalanan “Şuşa Bəyannaməsi” Türkiyə-Azərbaycan əlaqələrini rəsmi olaraq müttəfiqlik səviyyəsinə qaldırmışdır. Halbuki münasibətlərimiz ulu öndər Heydər Əliyevin tarixi ifadələrinin əsasında bir millət, iki dövlət prizmasında yüksələn xətlə hər gün inkişaf edirdi. Lakin “Şuşa Bəyannaməsi” yeni tarixi mərhələdir. Bu məqamda dost və qardaş Pakistanla da münasibətləri xatırlamaq vacibdir. Pakistan da Türkiyə kimi müharibə dövründə verdiyi dəstəyi 2021-ci ildə də davam etdirmişdir. Biz qardaşlarımızın dəstəyini yüksək qiymətləndiririk.
Rusiya ilə münasibətlərin səviyyəsi və qarşılıqlı ticarətin miqdarı ötən il daha da artmışdır. Rusiyanın sülhməramlı missiyası müharibədən sonrakı mərhələdə regionun inkişafına və Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə öz töhfəsini verəcəyinə əminik. Eyni zamanda digər qonşularla - İran və Gürcüstanla daimi təmaslar və fikir mübadiləsi əsnasında dostluğumuz, tərəfdaşlığımız yüksələn xətlə tərəqqi etməkdədir. Artıq regionda yaratdığımız yeni reallıqların çərçivəsində çoxtərəfli əməkdaşlıq platforması formalaşır və əlbəttə ki, bu, bizim maraqlarımıza cavab verir. Xüsusilə də 3+3 əməkdaşlıq platforması sülhü və əməkdaşlığı dəstəkləyən bütün tərəflərə dividendlər gətirəcək. 2021-ci il bu istiqamətdən də tarixi əhəmiyyətə malik bir il olmuşdur.
Xarici siyasətdə olduğu kimi ölkə daxilində də böyük uğurlara imza atılmışdır. Xüsusilə də postböhran, postmüharibə dövrünə qədəm qoyduğumuz dövrdə ölkə iqtisadiyyatının sürətli inkişafı prioritet mövzudur. Qarabağda və Şərqi Zəngəzurda bərpa prosesi gedir və tam əminliklə deyə bilərik ki, bütün xərclər məhz dövlət büdcəsinin hesabına həyata keçirilməkdədir. Müharibələrdən sonra heç bir yerdə bu sürətlə quruculuq-bərpa işləri aparılmayıb. Heç bir yardım almamışıq, heç bir kredit götürməmişik. Bu işləri öz gücümüz hesabına görürük. Quruculuq-bərpa işlərinə nail olmaq üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və biz sözün bütün mənalarında sürətlə inkişaf edirik. Yeni ildə də bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail olacağıq. Bunun üçün hər bir Azərbaycan vətəndaşı öz gücü müqabilində dövlətinə dəstək olmalıdır.
Şuşa hər bir azərbaycanlı üçün mənəvi əhəmiyyəti böyük, tarixi-strateji şəhərdir. Şuşa şəhərində 7 dəfə səfərdə olmuş möhtərəm Prezident Azərbaycanın mədəniyyət paytaxtında da azad edilmiş digər torpaqlarda olduğu kimi geniş quruculuq-bərpa işlərinə start vermişdir. Şəhərin öz ruhu ona geriyə qaytarılır, mədəniyyət tədbirləri keçirilir, festivallar, sərgilər, şeir-söz məclisləri yenidən qurulur. Bir sözlə, şəhərin öz sahiblərinin geriyə döndüyünü əyani müşahidə etmək olur. Cənab Prezident tərəfindən 2022-ci ilin “Şuşa ili” elan olunması da tarixi missiyadır. Şuşanın əsası Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulmuşdur və biz bu il onun yubileyini böyük təntənə ilə qeyd edəcəyik. Bu tarix kifayət qədər aydın və dəqiq tarixdir. Belə ki, Şuşanın erməni şəhəri olması haqqında bütün sərsəm iddiaları və yalançı ittihamları özlüyündə məhv edən tarixi hadisənin 270-ci ildönümünü qeyd etməklə həm də erməni şovinizminə və ermənipərəst ünsürlərə ən layiqli cavab veriləcəkdir. Osmanlı imperiyasından və İran ərazisindən ermənilərin Azərbaycana, Qarabağa köçürülməsi tarixi hamıya bəllidir. Hətta onlar bununla bağlı abidə də qoymuşdular. Bu tarix Şuşanın əsasının qoyulduğu tarixdən çox-çox sonralar baş vermişdir. Deməli, şəhərin 270 illik yubileyinin qeyd edilməsi ilə növbəti dəfə bütün əsassız erməni iddialarına son qoyulmuş olur.
Dəfələrlə ölkə Prezidenti vurğulamışdır ki, Azərbaycan vətəndaş mərkəzli, sosial dövlət modelini icra edir və dövlətin əsas məramı vətəndaşlarının rifahıdır. 2022-ci ilin yanvarın 1-dən maaşlarda, pensiyalarda, təqaüdlərdə əhəmiyyətli dərəcədə artımlar müşahidə olunmaqdadır. İki milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Dövlət özünün sosial missiyasını unutmur və əlavə vəsait toplandıqca, ilk növbədə bu vəsaitləri sosial layihələrə yönəldir. 2021-ci ildə həyata keçirilmiş layihələr və görülmüş işlər nəticəsində demək olar ki, biz artıq postböhran, postpandemiya və postmüharibə dövrünə qədəm qoymuşuq. Əgər bunu rəqəmlərlə ifadə etsək, deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı ötən il 5,3 faiz, qeyri-neft iqtisadiyyatı isə 6,4 faiz artıb. Sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb. Ticarət əlaqələrimizin müsbət saldosu 9,4 milyard dollardır. Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil edir. Cənab Prezident dəfələrlə demişdir ki, biz istədiyimiz an xarici dövlət borcumuzu ödəyə bilərik. Bu, dövlətimizin iqtisadi gücünün real ifadəsidir.
2021-ci ildə cənab Prezident ölkənin regionlarına çoxsaylı səfərlər etmişdir. Azərbaycanın bütün bölgələrində inkişaf müşahidə olunur. Regional inkişaf proqramları uğurla icra edilir. Ölkə başçısının bölgələrə çoxsaylı səfərləri sayəsində həm əlavə imkanlar aşkar edilir, həm də bir çox problemlər yerindəcə öz həllini tapır. Prezidentin bu səfərləri müntəzəm xarakter daşımaqdadır. 2021-ci ildə cənab İlham Əliyev tərəfindən Azərbaycanın bölgələrinə 47 dəfə səfər edilib, bu səfərlərin 32-si azad edilmiş torpaqlara olan səfərlərdir. Xüsusi qeyd etməliyəm ki, azad edilmiş torpaqlarda görülən işlər strateji əhəmiyyətə malik sosialyönümlü işlərdir. Çünki o işlərin mütləq əksəriyyəti insanların həyatlarının və yaşayışlarının təmin olunmasına yönəlib və keçmiş məcburi köçkünlərin tezliklə o ərazilərə qaytarılmasına hesablanıb.
Müharibə bitib, mübarizə isə davam edir. Biz İkinci Qarabağ müharibəsini heç vaxt unutmamalıyıq. İşğal dövründə xalqımıza qarşı törədilmiş vəhşilikləri unutmayacağıq. Biz şəhidlərimizin əziz xatirəsini daim öz qəlbimizdə yaşadacağıq. Lakin eyni zamanda 200 ildir ki, xalqlar arasında davam edən ədavətin bitməsi üçün də addımlar atılmalıdır. Hesab edirəm ki, mübarizəmizin əsas hədəfi həm də Ermənistanın da daxil olduğu daimi sülh və davamlı inkişaf mühitinin formalaşdırılmasıdır. Əlbəttə, bu gün hələ ki, bundan bəhs etmək mümkünsüzdür. Lakin ötən il üçtərəfli formatda keçirilən görüşlər gələcəyə ümidlə baxmağa əsas verir. Ermənistanı düşdüyü çətin və çıxılmaz vəziyyətdən ancaq özü xilas edə bilər. Onun konstruktiv mövqeyi və Azərbaycanla əməkdaşlığa meyilli olması yaxın gələcəkdə Cənubi Qafqaz regionunu dünyanın ən əhəmiyyətli nəqliyyat qovşağına çevirə bilər. Bu isə gəlir və intibah deməkdir. Bu intibah isə davamlı, dayanıqlı sülhün yeganə vasitəsi və qarantıdır.
Müharibədən sonra ölkəmizə qarşı təxribatların qarşısı ləyaqətlə və rəşadətlə alındı. Biz qarşımızda duran hədəflərə doğru irəliləməyə davam edirik. Azərbaycan ordusu və onun Xüsusi Təyinatlı Qüvvələri dünya miqyasında tanınır. Onlar qalib və müzəffər ordu birlikləri kimi böyük hörmət və ehtiram qazanıblar. 2021-ci ildə müasir ordu hissələri olan Komando Qüvvələri yaradıldı. Komando Qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdır, onların sayı durmadan artır və artacaq.
Biz artıq uğurlarla zəngin “Nizami ili”ndən daha böyük müvəffəqiyyətlər vəd edən “Şuşa ili”nə qədəm qoyduq. Əminəm ki, 2022-ci ildə də xalqla dövlət arasında sarsılmaz birlik nəticəsində milli maraqlar naminə daha da titanik qələbələrə imza atacağıq.