“20 yanvar - Ümümxalq Hüzn günü”nün 32-ci ildönümü ilə əlaqədar dəyirmi masa təşkil olunmuşdur.
20 yanvar 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında “20 yanvar - Ümümxalq Hüzn günü”nün 32-ci ildönümü ilə əlaqədar 20 yanvar şəhid ailələri ilə birgə dəyirmi masa təşkil olunmuşdur. Tədbir 20 yanvar 1990-cı il tarixində şəhid olmuş vətən övladlarının əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Dəyirmi masanı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Azərbaycan xalqı 20 yanvar 1990-cı il tarixində başladığı azadlıq mübarizəsini qətiyyətlə, ləyaqətlə və əzmlə davam etdirməkdədir. 20 Yanvar hadisəsi Azərbaycanın müstəqillik yolunun başlanğıcıdır. Xalqın həyatında yeni mərhələnin ilk addımlarıdır. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün böyük faciə ilə yanaşı eyni zamanda da öz ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Vüqar Seyidov onu da xüsusi qeyd etmişdir ki, Əbdürrəhman Vəzirovun hakimiyyəti və xalqı tərk edib qaçdığı bir zamanda qanlı imperiyanın mərkəzində ağır repressiya maşınına qarşı cəsarətlə öz etiraz səsini qaldıran əsil vətənpərvər Ulu Öndər Heydər Əliyev olmuşdur. Ümummilli Lider Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini vermişdir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən öz cəsarətini və vətənpərvərliyini nümayiş etdirən Heydər Əliyevin xalqı qarşısında bir çox tarixi xidmətləri olmuşdur. Lakin bu cəsarətli çıxışı bütün xalqı ayağa qaldıran və azadlıq məşəli ətrafında birləşdirən müraciəti kimi Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı.
Gənc müəllim Rza Eyvazov bir tarixçi kimi o illərə nəzər salaraq dedi ki,. Topxana meşəsinə qarşı təcavüz Bakıda ciddi etirazlara səbəb oldu, mitinqlər keçirildi, Naxçıvanda insanlar Sovet-İran sərhəddini dağıdırdılar. 70 illik Sovet hakimiyyətinə qarşı ən ciddi və güclü etiraz aksiyaları məhz Bakıda baş verməkdə idi. Tarixi faktdır ki, Sovetlər Birliyində yaşayan xalqlar arasında ən cəsur xalq məhz Azərbaycan xalqı idi. 70 il əvvəl hadisələr Sovet tarix kitablarında yazıldığı kimi cərəyan etməmişdi.
20 Yanvar şəhid ailəsinin nümayəndəsi Şövkət Xanməmmədova çıxış edərək bildirdi ki, Azərbaycan xalqı Sovet İttifaqına heç də könüllü şəkildə daxil olmamışdı. İlk fürsətdə öz müstəqilliyi uğrunda mübarizəyə qalxan Azərbaycan xalqı canı, qanı bahasına gələcək şanlı tarixini yazmışdır.
20 Yanvar şəhid ailəsinin nümayəndəsi Zəri Babayeva şəhid ailələrinə qayğıdan bəhs edərək bildirmişdir ki, həm dövlətin, həm də cəmiyyətin bütün sahələrdə diqqət və qayğı ilə əhatələnmişlər.