20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

Gülnarə Hənifəyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin direktoru 

1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 33 il ötür. Hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir.
20 Yanvar hadisələri zamanı Azərbaycan xalqının yüzlərlə günahsız vətəndaşı şəhid oldu, yaralandı, vətəndaşlarımızın xüsusi mülkiyyətdə olan əmlakları dağıdıldı, məhv edildi. Əsas məqsəd Azərbaycan xalqının iradəsini qırmaq, onun azadlıq istəyini boğmaq idi. Lakin Sovet imperiyasının amansız davranışı xalqımızın azadlıq istəyini daha da alovlandırdı. 20 Yanvar hadisələri xalqımızın yaddaşında, eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək , dinc əhalini ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi qətllər həyata keçirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. fövqəladə vəziyyətin yanvarın 20-də saat 00.00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək 82 hərbi qulluqçu amansızcasına qətlə yetirildi, 20 nəfəri ölümcül yaraladılar. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyətin tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi.
20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz isə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdi. Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq, Sovet hakimiyyətinin bu əməlinə etiraz etdi və Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. O, cəsarətlə bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etdi.
Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur və heç vaxt da unutmayacaq.