1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yaradaraq sivil prinsiplərə, beynəlxalq normalara və müasir standartlara uyğun müstəqil dövlət quruculuğunun əsasını qoydu. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Bu, Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun başlanğıcı idi. Azərbaycan xalqı bilirdi ki, bu ağır və mürəkkəb dövrdə ölkəyə sahib çıxa biləcək Ulu öndər Heydər Əliyev kimi liderə ehtiyacı var.
Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ümummilli Liderin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bildi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda mütərəqqi dövlətçiliyin əsası qoyuldu. Bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılıb, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınıb, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub.
Ulu Öndər demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. Onun xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan yüksək məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası respublikamızın siyasi-iqtisadi, sosial humanitar bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirməklə strateji əhəmiyyət daşıyan mühüm qanunvericlik bazası oldu və sivil hüquqlar təsbit edildi.
Ulu Öndərin təşəbbüsü ölkə üçün mühüm inkişaf drayveri olan iqtisadi tərəqqi mərhələsi başladı. Azərbaycanın iqtisadi inkişaf strategiyası hazırlandı və ölkəmizin inişafının əsas sütunlarında olan qlobal miqyaslı layihələrin əsası qoyuldu. Liberal bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkənin Azərbaycanın gələcək rifahının, neft-qaz sənayesinin dirçəlməsinin və enerji sektorunun inkişafının təmin edilməsi üçün möhkəm təməllər yaradıldı. Sazişin imzalanması dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil və etibarlı tərəfdaşdır.
Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında müstəsna və misilsiz xidmətləri olub. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlərimizin qorunmasını təmin edib. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi.
1993-2003-cü illərdə ölkədə sosial,siyasi,iqtisadi islahatların nəticəsi olaraq Azərbaycan inkişaf yoluna qədəm qoyaraq beynəlxalq aləmdə daxili və xarici siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirib. Məhz həmin illərdə görülən işlərin məntiqi nəticəsi olaraq ölkəmiz müstəqil və inkişaf yönümlü siyasət yürüdərək öz ərazi bütövlüyünü bərpa edərək beynəlxalq nüfuzunu daha da artırıb.
Ümumilli lider Heydər Əliyevin ideyaları Azərbaycan hökuməti tərəfindən uğurla reallaşdırılıb və yüksək nəticələr əldə edilib. Mütərəqqi dövlətçilik ənənələri Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca hədəflərini təşkil edib və dövlət başçısının rəhbərliyi ilə Azərbaycan nəhəng layihələrin təşəbbüskarı, tərəqqi yolunda inamla yüksələn qüdrətli dövlət, ərazi bütövlüyünün təmin olunmasına nail olmuş nüfuzlu ölkə olaraq qlobal aləmdə uğurla təmsil edilir.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir və ölkəmizin inkişaf tempi xalqımız üçün parlaq gələcək vəd edir. bu il ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlamətdardır və “Heydər Əliyev ili”dir. Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətin həyat yolu, zəngin dövlətçilik təcrübəsi və vətənə olan sonsuz sevgisi hər bir azərbaycanlı üçün örnəkdir. Yaşasın qüdrətli dövlətimiz!