13 iyun 2026-cı il tarixində Ağciyər Xəstəlikləri Mərkəzi PHŞ-in Doğum Evində (Əmircan qəsəbəsi Səbuhi Əsədov küçəsi 41 ünvanında yerləşən ƏPT) “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş “Böyük Qayıdışa aparan Zəfər yolunun təməli – Qurtuluş günü” adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Ağciyər Xəstəlikləri Mərkəzi PHŞ-in Doğum Evinin kollektivi iştirak etmişlər.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Ağciyər Xəstəlikləri Mərkəzi PHŞ-in Doğum Evinin baş həkimi, YAP Suraxanı rayon təşkilatının ƏPT sədri Sevinc Şükürova tədbir iştirakçılarını salamlayıb, bayram münasibəti ilə təbrik etdikdən sonra geniş nitq söylədi. S.Şükürova qeyd etdi ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
YAP Suraxanı rayon təşkilatının ƏPT sədr müavini Nuriyyə Dəmirova, YAP üzvləri Şəlalə Məmmədova və Səriyyə Məmmədova çıxış edərək vurğuladılar ki, Ümummilli Liderin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyulmuşdur. Onun yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görülmüşdür.
Sonda YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək qeyd etmişdir ki, milli ideya və ideologiyaya malik olan dövlət həmişə qüdrətli olur, ideya uğurun strategiyası kimi çıxış edir. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Heydər Əliyevin əsasını qoyduğu ideologiyanın başlıca istiqaməti müstəqil, hüquqi, dünyəvi dövlət quruculuğu, konstitusiya quruluşunun, ölkənin ərazi bütövlüyünün bərpası olmuşdur. Ümummilli Liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, kütləvi iğtişaşların qarşısı alındı, Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, kütləvi qanlar axıdılmasına son qoyuldu, atəşkəs sazişinin imzalanmasına nail olundu. Ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində həmin ideologiyanın əsas istiqaməti bu gün gerçəkliyə çevrilmiş, 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə Qarabağ bölgəsində keçirilmiş antiterror əməliyyatı nəticəsində xalqımızın 200 ildən bəri davam edən məşəqqətlərinə, iztirablarına son qoyulmuşdur.