15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır

Könül Seyidova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin müəllimi
XX əsrin 90 - cı illərində müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası keçid dövrünün siyasi, iqtisadi və sosial çətinlikləri ilə üz-üzə qalmışdı. 1991–1993-cü illərdə ölkədə ciddi siyasi qeyri-sabitlik hökm sürürdü, tez-tez hakimiyyət dəyişiklikləri baş verir, iqtisadi böhran, torpaq itkiləri və separatçılıq meylləri cəmiyyətin gələcəyinə olan inamı sarsıdırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə siyasi sabitlik yaratmağa, dövlət institutlarını formalaşdırmağa və dövlətçiliyin əsaslarını möhkəmləndirməyə nail olmuşdur.
Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan gündür və bu gün Azərbaycan xalqının dönüş nöqtəsidir. Bu dövr Azərbaycanın milli inkişaf kursunun müəyyənləşməsi baxımından strateji əhəmiyyətə malikdir. Dövlətçiliyin bərpası, ordu quruculuğu, beynəlxalq əlaqələrin qurulması və neft strategiyasının formalaşdırılması məhz bu mərhələdə baş vermişdir.
Ümummilli Lider Heydər Əliyev çoxsaylı təhdidlərə və həyati təhlükələrə baxmayaraq, öz xalqına, Vətəninə olan sonsuz və təmənnasız sevgisi, xalqın ən çətin günlərində göstərdiyi qətiyyətli mövqeyi və müdrik rəhbərliyi ilə millətin xilaskarı olmuşdur.
Ulu Öndərin uzaqgörən siyasəti, dəmir iradəsi və milli maraqlara sadiqliyi sayəsində Azərbaycan dövlətçiliyi qorunmuş, ölkə vətəndaş müharibəsi və dağılma təhlükəsindən xilas edilmişdir. Heydər Əliyevin rəhbərliyi ilə hüquqi, siyasi və iqtisadi islahatlara start verilmiş, müstəqil Azərbaycanın möhkəm təməli qoyulmuş və beynəlxalq aləmdə nüfuzu sürətlə artmağa başlamışdır.
Bütün bu tarixi xidmətləri ilə Heydər Əliyev yalnız müasir Azərbaycan dövlətçiliyinin banisi deyil, eyni zamanda, xalqının qəlbində əbədiyaşar bir lider kimi daim yaşamaqdadır.
2003-cü ildə keçirilmiş prezident seçkilərində Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyev dövlət başçısı seçilmişdir və onun dövrü Azərbaycanda yeni siyasi idarəçilik mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə sürətli iqtisadi inkişaf müşahidə olunmuşdur, xüsusən də enerji sektorunun inkişafı prioritet sahəyə çevrilmişdir. Neft-qaz layihələrinin reallaşdırılması nəticəsində ölkəyə daxil olan valyuta ehtiyatları sosial infrastruktura, regionların inkişafına, kənd təsərrüfatına və ordu quruculuğuna yönəldilmişdir. İlham Əliyevin rəhbərliyi altında “Regionların Sosial-İqtisadi İnkişaf Proqramı” kimi genişmiqyaslı layihələr həyata keçirilmiş, paytaxtla yanaşı regionlarda ,xüsusilə, işğaldan azad olunan torpaqlarda yenidənqurma işləri görülmüş və infrastruktur yenilənmişdir.
Xarici siyasətdə də balanslı mövqe saxlanılmışdır. İlham Əliyev postsovet məkanında geosiyasi çəkişmələrə baxmayaraq, Azərbaycanın müstəqil mövqeyini qoruyaraq həm Rusiya, həm Qərb, həm də regional qonşularla praqmatik münasibətlər qurmağı bacarmışdır. O, Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığını genişləndirmiş, eyni zamanda ölkənin suverenliyinə və daxili işlərinə müdaxiləyə qarşı prinsipial mövqe nümayiş etdirmişdir.
İlham Əliyevin siyasi kursunun əsas istiqamətlərindən biri də Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli olmuşdur. Uzun illər bu məsələdə diplomatik və siyasi səylər göstərilsə də, münaqişə 2020-ci ilin payızında – 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın hərbi və siyasi qələbəsi ilə sona çatmışdır. Bu qələbə onun rəhbərliyi dövründə Azərbaycanın hərbi potensialının, milli birliyin və siyasi iradənin real təcəssümü olmuşdur. Qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmış və “Böyük Qayıdış” siyasəti reallaşdırılmaqdadır.
İlham Əliyevin siyasi fəaliyyəti həm də milli maraqlara əsaslanan dövlət idarəçiliyinin, güclü liderlik modelinin və sabitlik üzərində qurulan inkişaf strategiyasının nümunəsi kimi xarakterizə olunur. Onun siyasəti Azərbaycanın suverenliyini qoruyan, iqtisadi potensialını artıran və beynəlxalq aləmdə söz sahibi edən dövlətə çevrilməsi ilə nəticələnmişdir.
Hazırda ölkədə post-münaqişə dövrünün çağırışlarına uyğun olaraq reinteqrasiya, dayanıqlı inkişaf, yaşıl enerji siyasəti və regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyətlər həyata keçirilir. Beləliklə,görülmüş işlər onu proqnozlaşdırmağa əsas verir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qarşıdakı illərdə də milli maraqlar əsasında irəliləyəcək və regional lider mövqeyini daha da gücləndirəcəkdir.