15 iyun 1993-cu ildə dövlətçilik tarixində əsaslı dönüş yaradan hadisə baş verdi
Günel Atakişiyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon 327 nömrəli tam orta məktəbin müəllimi
8-10 yaşlı məktəbli uşaqlar idik. Bəlkə də Qanlı 20 Yanvarda baş verən faciənin mahiyyətini bir o qədər anlamırdıq. Amma bilirdik ki, o günlərdə Larisa və İlqar adlı məktəblilər, Fərizə və İlham adlı iki gənc və daha 130 nəfər Bakıda, Neftçalada, Lənkəranda qırğın törədən qoşunun açdığı atəş nəticəsində qətlə yetiriliblər.
Bir faciə unudulmamış o birinin sorağı gəlirdi. Sinifdən-sinfə keçdikcə valideynlər, müəllimlər arasında həyəcanlı söhbətlər eşidirdik:" Ermənilər Şuşanı ələ keçirdilər. Ermənilər Laçını işğal etdilər. Kəlbəcər əhalisi də doğma rayonlarını tərk etdi". Hər gün bizlər qorxunc bir yaradılış kimi təsvir etdiyimiz ermənilərin törətdikləri vəhşiliklər haqqında eşitdiyimiz xəbərlərdən, insanların vahimə içərisində yaşam tərzindən vahiməyə düşürdük. Amma bu vahimə və qorxu içərisində olan zaman bir nəfərin adı çəkiləndə insanların simasında bir işıq yaranır, ümid qığılcımı saçırdı. Bu Şəxsin adı Heydər Əliyev idi.
1991- ci ilin oktyabrında müstəqillik əldə edən Vətənimizin başının üstünü alan təhlükə 1993-cü ilin may-iyun aylarında daha da güclənmişdi. Bir tərəfdən Ermənistanın öz havadarlarının köməkliyilə Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi daha geniş xarakter almış, digər tərəfdən bu təcavüzün qarşısını almaq üçün ölkə daxilində əsaslı müqavimət təşkil oluna bilməmişdi. Müharibə zonalarında əsgər və zabitlərimizin düşmənə qarşı göstərdikləri ciddi müqavimətə, fədakarlıqlara baxmayaraq, ölkədə idarəçiliyin zəifliyi ucbatından hakimiyyəti ələ keçirmək istəyən qüvvələrin qardaş qanı axıtması səbəbindən torpaqlarımız bir-birinin ardından düşmən işğalı altına düşürdü. Belə bir taleyüklü, tarixi bir situasiyada Azərbaycan xalqı Heydər Əliyev əzəmətinin, Heydər Əliyev dühasının, sevgisinin canlı şahidi oldu. Xalq, "olum, ya ölüm” dilemması ilə üz-üzə qalmışdı. Nicat yolu bu böyük Şəxsiyyəti Naxçıvandan Bakıya dəvət etməkdə idi. Bunu həm hakimiyyətdəki qüvvələr, həm də çoxmilyonlu Azərbaycan xalqı aydın başa düşürdü. Artıq bir-birinə münasibətləri az qala düşmənçilik səviyyəsinə çatan hakimiyyət və xalq ikincinin tələbi ilə o zaman Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışan dahi insanı iyun ayında Bakıya dəvət etdi. İlk növbədə, qardaş qanına səbəb olan Gəncə hadisələrinin fəsadları aradan qaldırıldı. 1993-cu il iyunun 15-də isə Azərbaycanın dünən də, bu gün də, sabah da dövlətçilik tarixində əsaslı dönüş yaradan hadisə baş verdi. Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri seçildi. Bu tarix Vətənimizin Dövlətçilik salnaməsinə Qurtuluş Günü kimi daxil oldu.
Ötən 29 ilin hər günü Heydər Əliyev dühasının millətimiz üçün nə qədər əzəmətli bir məna kəsb etdiyini sübut edir. Hakimiyyətə gəldikdən sonra cəmi bir il müddətində gərgin əziyyət, tükənməz enerji bahasına Ermənistanla atəşkəs sazişi imzalandı. Bu, qərb dövlətləri ilə tarixi "Əsrin müqaviləsini" imzalamağa təkan verdi ki, həmin müqavilə də Azərbaycan neftinin dünyaya nəql olunmasına və iqtisadiyyatımızın əsaslı inkişafına təkan verdi.
10 il ərzində 2003-cü ilin dekabrına qədər Azərbaycana rəhbərlik edən Ulu Öndər Vətən üçün nə edirdisə etsin, ən böyük qayəsi işğal altında olan əzəli torpaqlarımızı azad etmək, mədəniyyət beşiyimiz Şuşanı işğalçılardan təmizləmək idi. "Mən həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam" deyən H. Əliyevin bu müqəddəs arzusu onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi müzəffər ordumuz tərəfindən həyata keçirildi. 30 ilə yaxın əsarət altında qalan torpaqlarımız indi rahat nəfəs alır. Azad edilən torpaqlarda aparılan geniş infrastruktur işləri çox yaxın zamanlarda doğma yurd həsrəti çəkən insanların bu yerlərə dönüşünə, bütün Qarabağda çal-cagira gətirəcək. Böyük Zəfərdən, tarixi Qələbədən doğan bu sevinc hissi Heydər Əliyev dühasının yaşamasının sübutu ilə yanaşı, onun Ruhuna da dərin hörmətin bariz nümunəsi olacaq.
İllər, əsrlər keçəcək, bu böyük şəxsiyyət dövlətçilik, millət fədaisi kimi xatirələrdə yaşayacaq.
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!