12 avqust 2025-ci il tarixində Suraxanı Gənclər Evində Bakı Şəhər Gənclər və İdman idarəsinin Suraxanı rayonu üzrə gənclər və İdman sektorunun təşkilatçılığı, YAP
Suraxanı rayon təşkilatının, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və Suraxanı Gənclər Evinin dəstəyi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə “Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu” adlı görüş keçirilmişdir.
Görüşdə Suraxanı rayon üzrə gənclər və idman sektorunun müdiri Amil Bağırov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova çıxış edərək qeyd etdilər ki, “12 avqust - Beynəlxalq Gənclər Günü” dünyanın hər yerində gəncliyin gücünü, yaradıcılığını və cəmiyyətə verdiyi töhfələri qeyd etmək üçün əlamətdar bir gündür. Məhz bu səbəbdən Azərbaycan dövləti müstəqilliyini bərpa etdiyi ilk gündən gənclərin inkişafına xüsusi diqqət yetirmişdir.
Ümummilli Lider Heydər Əliyev deyirdi: “Gənclər bizm gələcəyimizdir. Biz elə bir gənclik yetişdirməliyik ki, sabahkı Azərbaycan onlara etibar olunsun.” Bu prinsip bu gün də öz aktuallığını qoruyur və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərin təhsili, elmi fəaliyyəti, idman sahəsində inkişafı və vətənpərvərlik ruhunda tərbiyəsi daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Azərbaycan gəncləri həyatın bütün sahələrində fəal iştirak edir və öz sözlərini deyirlər. Xüsusilə Vətən müharibəsi zamanı Azərbaycan gəncləri əsl qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərərək xalqımızın qürur mənbəyinə çevrildi. Bu gün isə müharibə bitmiş, yeni mərhələ - quruculuq və inkişaf dövrü başlamışdır. Gənclərimiz Qarabağın bərpası və ölkəmizin gələcəyinin qurulmasında da aktiv iştirak edirlər. Sonda isə çıxışçılar gəncliyin dövlətin inkişafındakı rolunu belə ifadə etdilər: “Güclü gənclik – güclü dövlətin təməlidir.”