10 noyabr bəyanatı şərtsiz qələbəmizi özündə ehtiva edir
Müdrik xalqımız, Rəşadətli ordumuz və Müzəffər Ali Baş Komandanla birgə, çiyin-çiyinə, Şanlı Zəfərin birinci il dönümünü qeyd etdik. Ən xoş sözlər deyildi, ən gözəl ifadələr yazıldı, xalq və hakimiyyət birliyi bir daha nümayiş olundu. Şəhidlərin əziz xatirələri anıldı, qazilərə hörmət və ehtiram yüksək səviyyədə nümayiş etdirildi. Əminəm ki, bundan sonra uzun illər, bəlkə də əsrlər boyu bu sevgi və ehtiram davam edəcəkdir. Xalqımız və ölkəmiz var olduqca bu qələbənin səbəbkarları sayılıb, seviləcəkdir.
Müharibənin bitdiyi o gecə imzalanmış 10 noyabr bəyanatından da bir il vaxt ötür. Halbüki Ermənistan və havadarları vaxtında torpaqlardan çıxmaq haqqında müddəti ifadə etsəydilər bu müharibə, döyüş əməliyyatları bu qədər uzanmazdı. Ordumuz və Ali Baş Komandanın dəmir yumruğu və iradəsi Ermənistanın kapitulyasiya aktına imza atmasına səbəb oldu. Bu müasir dünyada hələ uzun illər rast gəlinməyəcək, müzakirələrə səbəb olacaq və üzərində təhlillər aparılacaq bir təslim aktı idi. Gəlin etiraf edək ki, müasir dünyamızda ordular müharibələr üçün deyil, onlar müharibə ehtimalları üçündür. Müasir ordular ən yaxşı halda xırda hərbi əməliyyatları yerinə yetirərək qarşı tərəfin müharibədən çəkindirməyə hesablanır. Əgər ABŞ-ın da təmsil olunduğu NATO ordu birləşmələri Əfqanıstanda Taliban silahlı birləşmələri ilə qarşı-qarşı gəlməkdən çəkinirsə, bütün qərb dövlətləri Şimalı Koreya liderinin sözün bütün mənalarında hərbi təhdidlərinə loyal yanaşırsa, nazı ilə oynayırsa, Suriyada Türkiyənin apardığı antiterror hərəkətlərini nəzərə almasaq real atılmış bir addım belə yoxdursa onda ordumuzun necə möhtəşəm bir müharibədə qalib gəldiyini görmək və dərk etmək elə də çətin olmazdı. Bizim rəşadətli ordumuz ölkə ərazisini bərpa edərək BMT-nin dörd qətnaməsini yerinə yetirmişdir. Bu gün dünyanın ədalət yanaşmasına baxsaq belə çıxır öz məsələmizi özümüz həll etməsə idik, torpaqlarımızın işğalı davam edəcəkdi.
Mühim bəyanatın imzalanmasından bir il ötür və bütün cəmiyyətimizi maraqlandıran bir sual var. Bəyanat hansı səviyyədə yerinə yetirilir? Biz bu bəyanatın icrasından razıyıqmı? Əlbəttə, bu suallar aktual suallardır. Nəzərə alsaq ki, hadisələrə mütləq qiymət vermək mümkün deyildir, o zaman demək olar ki, bəyanatın yerinə yetirilməsini qənaətbəxş hesab etmək olar. 10 noyabr bəyanatı şərtsiz qələbəmizi özündə ehtiva edir Bunu, dəfələrlə ölkə Prezidenti cənab İlham Əliyev də vurğulamışdır. Ötən bir il ərzində işğal altında olan Azərbaycan rayonları Ağdam, Kəlbəcər və Laçın tam təmizlənmişdir. Artıq yenidənqurma prosesinə başlanmış, dövlət bayrağımız azad olunmuş ərazilərdə qaldırılaraq suverenliyimiz bərpa olunmuşdur. Əsas məsələ olan status məsələsi ümumiyyətlə gündəmdən bir dəfəlik çıxarılmışdır. Bunu həm Qarabağda yaşayan ermənilər, həm Ermənistan rəhbərliyi, həm də ermənilərdən daha çox ermənilik edən qüvvələr anlayır. Qarabağda yaşayan ermənilə üçün ən böyük töhfə, status elə onların Azərbaycan vətəndaşı olaraq yaşamaları olacaqdır. Düşünürəm ki, açılacaq yollar sayəsində yeməyə çörək tapacaq hər bir erməni üçün Qarabağ haqqında qurduqları və əsrlər boyu xəstə ideologiya kimi yaşatdıqları xülyalar heç bir əhəmiyyət kəsb etməyəcəkdir. Yevlaxdan başlayan dəmir yolu xətti mütləq Xankəndindən keçəcəkdir. Necə ki, Hacuqabuldan başlayan avtomobil yolları Zəngəzurdan keçib Naxçıvana oradan isə Türkiyə qədər uzanacaqdır.
Rusiya sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərimizdə hadisələr elə də ürək açan olmasa da, proseslərin gedişi tam istədiyimiz kimi cərəyan etməsə də, deyə bilərik ki, mənfi istiqamətdə inkişaf yoxdur. Əlbəttə, otuz illik hərbi, 200 illik tarixi bir münaqişənin bir il ərzində həllinin gözlənilməsi real deyildir. Nəzərə alanda ki, axırıncı müharibə dövründə hər iki tərəfdən minlərlə insanlar həyatını itirmişlər, hadisələrin asta tempdə inkişafı məqbul hesab olunmalıdır. Bizi sülhməramlıların fəaliyyəti ilə bağlı narahat edən ən böyük məqam Azərbaycan torpaqlarında hələ erməni yaraqlılarının olmasıdır. Doğrudur onların sayı müharibədən əvvəlki dövrlə müqayisədə kifayət qədər azalmışdır. Lakin onlar ümumiyyətlə Azərbaycan torpaqlarında olmamalıdırlar. Bu istiqamətdə işlər davam etdirilir. Rusiyanın həm sülhməramlı missiyası, həm də siyasi sülhyaratma missiyaları dəfələrlə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. İstər dövlət başçıları səviyyəsində, istərsə də baş nazirlərin müavinlərinin rəhbərliyi altında işçi qruplarının görüşləri öz nəticələrini verməkdədir. Bəyanatın həyata keçirilməsi regionun əsas qüvvələrinin bir başa marağındadır. Buna müdaxilə etmək istəyən qüvvələr, əldə olunmuş əməkdaşlıq mühitinə zərbə vurmaq niyyətində olanlar, ağılasığmaz iddiallar səsləndirənlər özləri meydanı tərk edirlər. Çünki indi regionda bəyanatın bəndlərinin icrasının və onun yaratdığı əməkdaşlıq mühitinin alternativi yoxdur. Real döyüş qabiliyyəti olan iki böyük orduya Azərbaycan və Türkiyə ordularına qarşı müharibə dili ilə danışmaq indiki məqamda mümkünsüzdür.
Rusiya sülhməramlılarının bəyanatın bəndlərinin icrası ilə bağlı digər narahatedici məqam Qarabağ ərazisinə xarici dövlət vətəndaşlarının daxil olmasıdır. Onlar Azərbaycan Respublikasının suveren ərazilərinə daxil olduqları təqdirdə ölkəmizdən icazə almalı olduqlarını bəzən unudurlar. Əlbəttə, bu işdə əsas məsuliyyət daşıyanlardan biri və birincisi sülhməramlı qüvvələrdir. Doğrudur, istər Laçın dəhlizi, istərsə də Xankəndi dəfələrlə qeyd olunduğu kimi bizim ayağımızın altındadır. İstədiyimiz an məsələlərə müdaxilə imkanlarımızın olduğunu biz sübut etmişik. Lakin əgər biz sülh prosesindən danışırıqsa və bunu Rusiya sülhməramlıları həyata keçirirsə mütləq öz fəaliyyətlərinin keyfiyyətinə diqqət etməlidirlər. Heç kim unutmamalıdır ki, artıq bir il keçdi. Dörd ildən sonra Rusiya sülhməramlılarının Qarabağda qalmağı üçün mütləq Azərbaycanın razılığı olmalıdır. Nəzərə alanda ki, Rusiya qoşunları müasir müstəqillik dövründə iki dəfə Azərbaycan torpaqlarından çıxarılmışlar. Onda gərək məsələnin nə qədər ciddi olduğunu dostlarımız unutmasınlar.
İndi əsas məsələ xalqlar və cəmiyyətlər arasında etimad mühitinin formalaşdırılmasıdır. Ermənistan dalandır və onu dalana biz çevirmişik. Biz onu uzun illər bütün layihələrədən kənarda saxlamışıq. Bizim iqtisadi, siyasi qüdrətimiz imkan verib, verir və verəcək ki, bizsiz heç bir layihə regionda reallaşmasın. Amma indi münaqişə bitib və məğlub Ermənistanın hərbi-siyasi rəhbərliyindən müsbət siqnallar alınmaqdadır. Ermənistan əgər müsbət istiqamətdə özünə mövqe müəyyən edərsə mütləq buna adekvat cavab alacaqdır. Ermənistanla uzun sərhədə malik olmağımız bu sərhəddin müəyyən olunmasını və iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsini vacibləşdirir. Lakin Ermənistanda revanşist qüvvələrin intensivləşməsi, aqressivləməsi və hətta rəsmi baş nazirin həyatı bahasına proseslərə mane olmaq cəhdləri müşahidə olunmaqdadır. Bu, sadəcə prosesi bir az ləngidə bilər. Ermənistanda məğlub hökümətə, baş nazirə xalq tərəfindən yenidən verilmiş etimad onu göstərir ki, sadə və rasional düşüncəyə malik ermənilər 10 noyabr bəyanatının icrasında maraqlıdır. Bəlkə də delimitasiya, demarkasiya prosesi və sülh müqaviləsinin imzalanması gecikə bilər. Lakin sülh və əməkdaşlıq mühitini bir daha müharibə mühitinə dəyişməyə imkan vermək olmaz. Bu, çox vacib amildir. Hər iki dövlətin bir-birilərinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinə imza atması regionun gələcək inkişafına və tərəqqisinə müsbət təsirini göstərəcəkdir
Regionda kommunikasiya yollarının açılması, dəmir və avtomobil yollarında hərəkətin icrası mütləq təmin olunmalıdır. Azərbaycan bu istiqamətdə artıq geniş işlər görməkdədir. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin bununla bağlı açıq bəyanatları, İran İslam Respublikasının müxtəlif iddialarından geri addım atması, Zəngilanda Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəsmi açıqlamaları və əlbəttə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi bir daha deməyə əsas verir ki, münaqişə, müharibə bitib indi sülh və əməkdaşlıq vaxtıdır.
Ənvər Haqverdiyev
YAP Suraxanı rayon təşkilatının
Ərazi partiya təşkilatının sədri