1 Avqust – sətirlərdə millət olma günüdür

1 Avqust – sətirlərdə millət olma günüdür

Aytən Talıbova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 276 saylı körpələr evi və uşaq bağçasının müdiri

1 Avqust – sadəcə bir təqvim günü deyil. Bu gün kağızda hərflərin canlandığı, sözlərin xalq olub ayağa qalxdığı gündür. Bu gün əlifbanın susan deyil, danışan günüdür. Bu gün ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu tarixi gün təkcə bir əlifbanın dəyişdirilməsi ilə bağlı yox, həm də dilimizin müstəqilliyinin, milli kimliyimizin, mədəni irsimizin təntənəsi kimi əlamətdardır. Əlifbamızın tarixçəsinə qısa baxış etsək görərik ki,Azərbaycan xalqı tarix boyunca müxtəlif əlifbalardan istifadə etmişdir. Əvvəllər ərəb, sonra latın, daha sonra isə kiril əlifbası ilə yazıb-oxumuşuq. Lakin 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra xalqımız öz köklərinə, milli kimliyinə daha yaxın olan latın qrafikalı əlifbaya keçid etdi.

Bu mühüm addım Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə atıldı. 2001-ci ilin 9 avqustunda imzalanan fərmana əsasən, hər il 1 avqust Azərbaycanda Əlifba və Ana Dili Günü kimi qeyd olunmağa başladı. Əbəs yerə deməyiblər, dilimiz – dövlətçiliyimizin dayağıdır. Məhz buna görə də Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil. Bu dilin içində xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi, adət-ənənələri yaşayır. Ana dilimiz bizi bir millət kimi birləşdirir, kökümüzə, keçmişimizə bağlayır.


Bu gün dünyada milyonlarla insan Azərbaycan dilində danışır. Dilimiz UNESCO tərəfindən dünyada qorunan və inkişaf edən dillərdən biri kimi tanınır. Bu, həm sevindirici, həm də məsuliyyətli bir haldır – çünki hər birimiz bu dilin təəssübünü çəkməli, onu qorumalı, gənc nəsillərə sevdirməliyik. Müasir əlifbamız – gələcəyə açılan yoldur. Bugünkü latın qrafikalı əlifbamız sadə, müasir və beynəlxalq standartlara uyğundur. Bu əlifba gənclərin xarici dilləri öyrənməsinə, texnologiya və informasiya sahələrində uğur qazanmasına böyük imkan yaradır. Həmçinin Azərbaycan dilinin dünya səhnəsində daha rahat tanıdılmasına şərait yaradır.
1 Avqust yalnız keçmişə baxmaq günü deyil. Bu gün biz həm də dilimizə olan sevgi və məsuliyyətimizi yenidən dərk etməli, uşaqlara, yeniyetmələrə və gənclərə ana dilimizi sevdirərək onun daşıyıcısı olmağa təşviq etməliyik.Unutmayaq ki, “Millətin milliliyini saxlayan onun dili və əlifbasıdır.”Əlifbamızla, dilimizlə, milli kimliyimizlə qürur duyaq.Bir hərf bəzən bir sözə çevrilir,Bir söz bəzən bir nəsli yaşadır.

Azərbaycan əlifbası – sadəcə yazı sistemi deyil, o, qəlbimizin xəritəsidir.Əlifbamız dəyişdi, amma məna yükü dəyişmədi. Ərəb əlifbasında səbr etdik, Kiril əlifbasında susduq, Latın əlifbasında isə danışmağa başladıq. Çünki bu əlifba azad nəfəsimizin səsidir. Bu hərflərlə yazılan nağıllarda şəhidlərin ruhu, bayatılarda nənələrimizin duaları, məktubda sevgimizin səssizliyi, şeirdə isə Vətənin nəfəsi var.

1 Avqust – sətirlərdə millət olma günüdür. Bu gün məktəblərdə uşaqların əlində A hərfindən başlayan nağıllar var. Bu gün qocaman bir xalqın öz səsi, öz sözü, öz ruhu var. Bu gün biz dilimizə baxıb qürurla deyə bilirik: “Mən azərbaycanlıyam və bu mənim dilimdir.” Dilimizi Sevmək Vətəni Sevmək Kimidir! Dövlət rəmzlərimizi göz bəbəyimiz kimi qoruyuruq. Dilimizdə bizim kimliyimizi və sərvətimizdir. Onu daim yaşatmalı, gələcək nəsillərə öyrədi, aşılamalıyıq.