“Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub

“Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub

Aysel Gülməmmədova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu Tumurcuq uşaq bağçasının tərbiyəçisi

Hamımız yaxşı xatırlayırıq ki,  Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla birlikdə idi.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş tarixinin yarım əsrlik bir dövrünün başlıca yönünü və məzmununu təşkil edir. Ulu öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir. Bu baxımdan dahi siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir. 

Xalqımızın böyük oğlu Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır. 20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, Ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir.

Müstəqilliyimizin banisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinə dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. 20 yanvar hadisəsi ilə bağlı Ulu öndərin mövqeyi, açıqlamaları, atdığı addımlar 3 onillik öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır.

Yalnız Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. Ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı.

 

Bu gün Şəhidlər xiyabınında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib.