Zəngəzur dəhlizi sülhün və inkişafın təminatıdır

Zəngəzur dəhlizi sülhün və inkişafın təminatıdır

Ülkər Quliyeva

YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədri

Suraxanı rayonu 30 nömrəli Ambulatoriyanın həkimi

Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə qərarı ilə həll olunub. Qərarda Zəngəzur bölgəsini Qərbi və Şərqi Zəngəzur qəzalarına bölmək təklif edilib. Nəticədə Zəngəzur qəzasının 6 min 742 kvadratmetr verstlik ərazisinin yarıdan çoxu Ermənistana verilib. Bununla da Azərbaycanla onun bir hissəsi olan Naxçıvan arasında quru əlaqəsi kəsilib, Azərbaycanın əraziləri arasında məsafə daha da artıb. Üstəlik, 1929-cu ilin fevralında Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan MSSR-in 9 kəndinin torpaqlarının bir hissəsinin əkin sahələri ilə birlikdə Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edib.

İnişil noyabrın 10-da şanlı “Zəfər yürüşü”nün sonucu olaraq imzalanan üçtərəfli Bəyanatın 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunub: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”. Bəyanatın şərtinə əsasən, Zəngəzur dəhlizi artıq ləğv edilən, eni 5 kilometr olan Laçın yolundan fərqli olaraq, ərazi dəhlizi deyil, beynəlxalq nəqliyyat dəhlizi rolunu oynayacaq.

Ötən il iyunun 15-də qəbul olunmuş tarixi Şuşa Bəyannaməsindən bəhs edən cənab İlham Əliyev önəmli məsələlərdən birinin nəqliyyat kommunikasiyası ilə bağlı olduğunu bildirib: “Bəyannamədə Zəngəzur koridorunun açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli-praktik işlərlə bu dəhlizi, bu koridoru yaradırıq”.

Zəngəzur dəhlizi sülhün və inkişafın təminatıdır. Zəngəzur dəhlizi otuz ilə yaxın çətin blokada şəraitində yaşamasına rəğmən öz inkişaf yolunu uğurla qət etmiş Naxçıvan Muxtar Respublikasının da Azərbaycanın əsas ərazisi ilə çıxışını təmin etmiş olacaqdır. Dəhliz eyni zamanda Naxçıvan Muxtar Respublikası vasitəsilə qardaş ölkə Türkiyə Cümhuriyyəti ilə əlaqələri də möhkəmləndirəcək və bu əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcəkdir. Beləliklə qardaş ölkələr uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə qovuşacaqlar. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla dünyada ciddi böyük potensiala və gücə malik Türkiyə arasında olan bu birlik Cənubi Qafqazda sülhə, sabitliyə və əməkdaşlığın bərpa olunmasında müsbət dəyişikliklərə töhfə verəcəkdir. Bu baxımdan Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ümumilikdə türk dünyasının coğrafi baxımından birləşməsi deməkdir.