Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Bülbülə qəsəbəsi sakini olmuş, Vətən Müharibəsi şəhidi əsgər Cabarzadə Cavid Qorxmaz oğlunun ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.
Şəhidlərimizə olan dərin hörmət və ehtiramını bildirən yerli təşkilatın sədri Vüqar Seyidov demişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Görüş zamanı Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrətinin sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətlərinin gələcək nəsillər üçün örnək olduğu vurğulanmışdır. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çoxminli üzvlər adından yerli təşkilatın layihəsi olan Xarıbülbül təsviri üzərində şəhid Cavid Cabarzadənin şəkili toxunmuş xalçanı ailəsinə təqdim etmişdir.
Qeyd edək ki, şəhid əsgər Cabarzadə Cavid Qorxmaz oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.