YAP Suraxanı rayon təşkilatının nümayəndələri Qazi Elnur Əkbərovun toy məclisində iştirak etmişlər
21.07.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, təşkilatın aparatının əməkdaşları və bir qrup fəal gənc Vətən Müharibəsi qazisi Elnur Əkbərovun toy mərasimində iştirak etmişlər. Toy məclisində eyni zamanda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Hacıyev, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Afət Həsənova və digər rəsmi şəxslər iştirak ediblər. Toy məclisi Azərbaycanın Dövlət Himni və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Toy mərasimində çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, Elnur kimi canını və sağlamlığını vətən uğrunda qurban vermiş şəhidlərin və qazilərin sayəsində biz ərazi bütövlüyümüzü bərpa etmişik. Cənab Ali Baş Komandan İlham Əliyevin diqqəti və çox hörmətli Mehriban xanım Əliyevanın qayğısı ilə bu gün şəhid ailələrinin və qazilərin bütün sosial-məişət problemlərinin öz həllini tapdığını xüsusi qeyd edən Vüqar Seyidov Elnuru və həyat yoldaşını rayon partiya təşkilatının çoxminli üzvləri adından səmimi qəlbdən təbrik edərək ailə səadəti arzulamışdır.
Daha sonra YAP Suraxanı rayon təşkilatının gənc fəalları bayraqlı fləşmob həyata keçirmişlər.