Xarici və yerli investisiyalar lazımınca qorunur
Məshəti Sadiqli
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu 203 saylı körpələr evi və uşaq bağçasının müdiri
1971-ci ildə isveçrəli biznesmen, professor Klaus Şvab tərəfindən təsis edilən və qərargahı Cenevrə şəhərində yerləşən Davos İqtisadi Forumu dünyada ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır. Qlobal vəziyyətin iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həllində dünya birliyinə kömək göstərmək yolu ilə yaxşılaşdırılması Dünya İqtisadi Forumunun başlıca məqsədi elan edilib. Azərbaycan özünün beynəlxalq əlaqələrini getdikcə genişləndirir. Ölkəmizin Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməsi bu əlaqələrin istər Avropa, istərsə də Asiya dövlətləri ilə yüksək səviyyədə qurulması üçün əlavə imkanlar yaradır.
Bu gün Azərbaycanın etibarlı münasibətlər qurduğu ölkələrdən biri də dünyanın ən nəhəng iqtisadiyyatlarından birinə malik olan Çin Xalq Respublikasıdır. Dövlətimizin başçısı cənab Prezident İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində qeyd edib ki, Çin ölkəmizlə etibarlı münasibətlərə malikdir. Çin və Azərbaycan yaxşı dostlardır. Hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur. Ərazi bütövlüyü məsələsində Çin və Azərbaycanın maraqları üst-üstə düşür. 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi zamanı cənab Prezident İlham Əliyev Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırdığını qeyd etmişdir.
Çinlə Azərbaycan arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq hər iki ölkənin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu bir daha nümayiş etdirir. Azərbaycanla Çinin beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığı mövcuddur. Hər iki dövlət rəhbərləri və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən müxtəlif müxtəlif beynəlxaq toplantı və görüşlərdə ölkələrimiz həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər: «Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var”.
Azərbaycanın Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, informasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri ölkəmizdə uzun illərdir ki, fəaliyyət göstərir. Biz Azərbaycanda daha çox Çin şirkətini görməyə ümid edirik. Hazırda Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Hazırda ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir: “Azərbaycanda investisiya mühiti çox müsbətdir, xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlib”.
Ölkəmizin başçısı deyib ki, indi şaxələnmə barədə düşünmək və hərəkət etmək vaxtıdır: “Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi ipək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır”.