Xankəndi üçrəngli bayrağımızla daha parlaq görünür

Xankəndi üçrəngli bayrağımızla daha parlaq görünür
Qənirə Əlizadə
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin müəllimi
Ötən il bu gün, yəni oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, həmçinin Əsgəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağının ucaldıldı. Bu artıq bütöv Azərbaycanın müstəqilliyinin bərpasının təntənəsi idi. Bu qalibiyyət yolunun son mərhələsi idi. Beləliklə, ölkəmizdə separatizm, işğal səhifəsini tam bağlamış olduq. Bu qalibiyyət, bu zəfər Azərbaycanın Xankəndiyə sahiblənməsi siyasi məharətin, diplomatik və hərbi gücümüzün eyni anda meydanda olması ilə mümkün oldu. Bunu inanılmaz və ya gözlənilməz qələbə kimi qələmə verənlər də var. Hətta ermənilər və onların havadarları hesab edirdilər ki, Azərbaycan ən azı 2025-ci ilə qədər Xankəndiyə nəzarəti təmin edə bilməyəcək. Amma Ali Baş Komandanın siyasi iradəsi bizə möcüzəni yaşatdı.
Böyük gücə sahib ordumuz xüsusi peşəkarlıqla meydanı əlinə almışdı, Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni geri oturtdu, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu gün təkcə Azərbaycan vətəndaşları deyil, dünyada yaşayan on milyonlarla azərbaycanlı və bütövlükdə Türk dünyası Azərbaycan Ordusu ilə fəxr edir.
Ordumuz hələ 2020-ci ilin noyabrında Xankəndiyə daxil olacaqdı. Alınmaz qala hesab olunan Şuşanı azad edən hərbçilərimiz Xankəndinə bir nəfəs qədər yaxın idilər. Ermənistanın siyasi rəhbərliyi başa düşdü ki, azı 20 minlik erməni ordusu Qarabağda məhv ediləcək. Ona görə də əməliyyatların dayandırılması xahişi ilə çıxış etdi və kapitulyasiya aktı imzaladı. Ağdam, Kəlbəcər və Laçına güllə atmadan sahib olduq. Təbii ki bu yola qalibiyyət və özümüzün olanı tam geri almaq üçün çıxan ordumuz bununla kifayətlənə bilməzdi. Xankəndisiz, Xocalısız qələbəmiz yarımçıq olardı. Tarixi gün yetişdi.
Ordumuz 2023-cü il sentyabrın 19-da 24 saatlıq antiterror tədbirləri həyata keçirərək bütün Qarabağa nəzarəti təmin etdi. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Ermənistan bu əməliyyatı unutmasın, Azərbaycan Ordusunun nəyə qadir olduğunu unutmasın. Silahlanmaq niyyətindən, separatçılıq mövqeyindən əl çəksin. Unutmasın ki, havadarları onu məhvə sürükləyir.
Ötən ilə qədər separatçıların at oynatdığı Xankəndidə bu gün gənclərimiz təhsil alırlar. Xankəndidə qısa müddət ərzində Qarabağ Universitetinin yaradılması və istifadəyə verilməsi olduqca qürurvericidir. Hələ Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin məhz Qarabağ Universitetini seçməsi, 1200 tələbə ilə universitetin fəaliyyətə başlaması gəncliyimizin ruhunu, öz torpaqlarına, öz Vətəninə sahib çıxmaq əzminin ifadəsidir. Doğrudan da, Xankəndi üçrəngli bayrağımızla, Azərbaycan gəncləri ilə daha gözəl, daha parlaq görünür.