12 iyun 2025-ci il tarixində Vətən müharibəsi Şəhidi Məhəmməd İsmayılzadənin doğum günündə məzunu olduğu 317 nömrəli tam orta məktəbdə xatirəsi anılıb. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, 317 nömrəli tam orta məktəbin müəllim – şagird kollektivi, şəhidin ailə üzvləri, şəhid ana – ataları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra məktəbin şagirdləri tərəfindən Məhəmməd İsmayılzadənin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan nur üzlü şəhidimizə Allahdan rəhmət diləyib, təsəllimizin şəhidlərimizin qisasının alınması, Vətən müharibəsində qazanılan parlaq Qələbə sayəsində Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsi olduğunu vurğulayıb. Qeyd edib ki, gənc nəsil şəhidlərimizin qanı-canı bahasına qazanılan Qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daim qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidirlər.
317 nömrəli tam orta məktəbin direktoru Leyla Əliyeva və məktəbin müəllimləri bildiriblər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti, Azərbaycan Ordusunun qələbə əzmi və yüksək peşəkarlığı sayəsində torpaqlarımız düşmən işğalından azad edildi. Vətənin azadlığı uğrunda canını fəda edən igid oğullarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.