Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Dövlət hakimiyyəti bərpa edildi

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Dövlət hakimiyyəti bərpa edildi

Arzu Aslanova

Suraxanı rayonu, Zığ bələdiyyəsinin sədri

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

15 iyun Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş mühüm və taleyüklü bir gündür. Bu tarix, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olaraq, müstəqil və sabit inkişaf yoluna qədəm qoyduğu gündür.

1993-cü ilin iyun ayında ölkədə yaranmış dərin siyasi böhran, dövlət hakimiyyəti institutlarının fəaliyyət qabiliyyətini itirməsi, vətəndaş qarşıdurması təhlükəsi və erməni təcavüzü ilə paralel gedən xaos Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Belə bir ağır və məsuliyyətli məqamda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkənin ictimai-siyasi həyatında dönüş nöqtəsi oldu və Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq üçün real zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Dövlət hakimiyyəti bərpa edildi. Hüquqi və demokratik dövlət quruculuğuna başlanıldı. Sabitlik təmin olundu, vətəndaş qarşıdurmasının qarşısı alındı. İqtisadi və sosial islahatlara təməl qoyuldu. Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi və ölkənin nüfuzu artdı.

Heydər Əliyevin qətiyyəti, zəngin siyasi təcrübəsi və uzaqgörənliyi sayəsində Azərbaycan qısa müddətdə ağır siyasi və iqtisadi böhrandan çıxaraq davamlı inkişaf yoluna qədəm qoydu. 15 İyun – Milli Qurtuluş Günü müasir, müstəqil və güclü Azərbaycanın formalaşmasında dönüş nöqtəsi olmaqla yanaşı, həm də milli həmrəyliyin, dövlətçilik ideallarının və xalq-iqtidar birliyinin simvoludur.

Bu gün Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edir və onun əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qürurla qeyd edir.

Milli Qurtuluş Günü – 15 İyun Azərbaycan xalqının azadlıq, sabitlik və inkişaf yolunda verdiyi tarixi qərarın təcəssümüdür. Bu gün həm keçmişimizin dərslərini xatırlamaq, həm də gələcəyə daha güclü addımlarla irəliləmək əzminin nümayişidir.