Ümidlərin bitdiyi anda xalqın Liderinə, Liderin də xalqına məhəbbəti, sədaqəti

Ümidlərin bitdiyi anda xalqın Liderinə, Liderin də xalqına məhəbbəti, sədaqəti

Cəmilə Ağayeva

Suraxanı Rayon, Əmircan Bələdiyyəsinin sədri

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Tarixdə hər bir xalqı tanıdan, öz dahisi var! Belə dahilər yüz ildə bir dəfə dünyaya gəlirlər. Azərbaycan dövlətinin 20-ci əsrdə qurtuluşunu həyata keçirən xilaskar Ulu Öndər Heydər Əliyev olmuşdur, desəm yanılmaram. Çünki məhz Ulu Öndər 20-ci əsrdə dünyaya gəlişi ilə sanki Azərbaycanın ikinci dəfə müstəqil olandan sonra milli dövlətçiliyinə yeni nəfəs gətirdi. Bu nəfəs istər Sovetlər dönəmində, istərsə də,  ondan sonrakı dövrdə müstəqilliyimizin kövrək addımlarında, dövlətimizə dayaq oldu.  

Tarixə və bizlərə məlum məsələləri hər birimiz gözəl bilirik. 20 yanvar 1990-cı il hadisələrindən sonra Azərbaycanın ləyaqətli oğlu Heydər Əliyev öz xalqının ağır günlərində ona dəstək olmaqdan ötrü, Moskvadan Azərbaycana qayıtdı. Bakıda o dövrdə hərcmərclik, xaos yaratmaq istəyən, öz şəxsi mənafelərini güdən bir sıra insanlar var idi. Təbii ki, Heydər Əliyevin qayıdışını birmənalı qarşılamadılar. Belə ki, bu insanlara görə o öz iradəsindən dönməyərək nəyin bahasına olursa, olsun öz  təhlükəsizliyini belə düşünmədən xalqına kömək etməyi bir insanlıq borcu və vəzifə bildi. Elə ona görə də, doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Təbii ki, Naxçıvan öz qədimliyini və igidlər diyarı olmağını unutmayaraq öz oğluna sədaqətini nümayiş etdirərək Heydər Əliyevə, bu diyarın mərd oğluna qucaq açdı. Bu hadisədən sonra Naxçıvan Muxtar Respublikasının və eyni zamanda  Azərbaycanın taleyinə yeni səhifə açıldı. Naxçıvan Muxtar Respublikasında 3 sentyabr 1991-ci ildə  fövqəladə sessiyasında Ulu Öndər Heydər Əliyev yekdilliklə Ali Məclisin sədri seçildi.

Ümummilli Liderin Naxçıvana qayıdışı Azərbaycanın gələcəyi üçün bir çox tarixi qərarlara zəmin yaratdı. Belə ki, məhz  Heydər Əliyevin təşəbüssü ilə üçrəngli bayrağımız yenidən dalğalandı və tarixi ədalət bərpa olundu. Məhz bu hadisə ilk dəfə Naxçıvan MR-da baş verdi.

Ulu Öndərin xalqımız üçün ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində yeni Azərbaycanın tarixində yeni bir mərhələnin açılmasıdır. Naxçıvana rəhbərliyi dövründə Muxtar Respublikanın sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı, blokada  şəraitindən çıxarıldı və onun tərəqqisi naminə lazımi tədbirlər görüldü. Tarixi qərarlarından biri də, keçmiş SSRİ-də keçirilən oktyabr inqilabı gününü, yəni 7 noyabr bayramının  Ali Məclisin Sessiyasında Naxçıvanda ləğv olunmasıdır.

 Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinin ən uğurlu cəhətlərindən biri də “Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü” haqqında fərman verməsi olmuşdur. Həmin dövrlərdə, Türkiyə dövlətinin baş naziri mərhum Süleyman Dəmirəl ilə Ulu Öndərin  dostluğu,  Naxçıvanın o dövrü üçün çox uğurlara imza atmağına səbəb oldu. Belə ki, Naxçıvan MR Sədərək rayonunda, Azərbaycanla Türkiyə arasında Araz çayı üzərindən salınmış müvəqqəti körpünün rəsmi açılışı oldu. Bundan başqa, Türkiyə dövlətinin  baş naziri Süleyman Dəmirəl Türkiyə Cümhuriyəti tərəfindən, Naxçıvana yardım məqsədi ilə 100 milyon dəyərində kredit ayrılması və hər il 100 nəfər tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə əməkdaşlıq protokolu imzaladı. 28 May 1992-ci ildə isə Naxçıvanla Türkiyə arasında Araz çayı üzərində inşa edilmiş “Ümid” körpüsü açıldı. Bu, yeni ümidlərin çiçək açması idi.

Ulu Öndər Heydər Əliyev Türkiyə ilə paralel olaraq  eyni vaxtda, həmin dövrlərdə, İranla da qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığa əsaslanan  rəsmi təmaslar qurdu. Belə ki 1992-ci ildə Heydər Əliyev İran İslam respublikasına səfər etdi və bu səfər nəticəsində bir sıra əməkdaşlıq protokolları imzaladı.   

Bu dövrlərdə bağlanan hər bir əməkdaşlıq müqavilələri əsasında Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Naxçıvan MR bir çox uğurlara imza atdı. Belə ki, Naxçıvan şəhəri yaxınlığında istilik elektrik stansiyası tikildi, Türkiyə Respublikasının İqdır vilayətindən yüksək gərginlikli elektrik xəttlərinin Naxçıvana çəkilməsi başa çatdırıldı. Bu da, Muxtar Respublikanın elektriklə təchizatının təmin olunmasına kömək oldu.

Az bir müddətdə Naxçıvanın dirçəlməsi Azərbaycanın gələcəyinə bir mayak olduğunun sübutu oldu.  Bu mayak milli ideyaların sədaqət ruhunda öz xalqı üçün hər zaman yaşıl işıq yandırdı.

Ulu Öndərin Naxçıvandan Bakıya, Azərbaycana qayıdışı yeni müstəqil Azərbaycanın gözəl gələcəyinə açılan qapı idi.  Bu elə bir işarə ki, Azərbaycan yaşadıqca, sonu görünməyən sonsuzluq işarəsində daima xoşbəxt günlər üçün öz  dahi liderinə minnətdar olacaqdır!