Şuşa-Laçın yolunda həyata keçirilən etiraz aksiyası obyektiv reallıqdan qaynaqlanır

Şuşa-Laçın yolunda həyata keçirilən etiraz aksiyası obyektiv reallıqdan qaynaqlanır

Arzu Miriyev

Vətəndaş cəmiyyətinin fəal nümayəndəsi

30 ildən artıqdır ki, ermənilər Azərbaycanın təbii sərvətlərini bacardıqca tükətməyi qarşılarına ən ali məqsəd kimi qoymuşlar. Onlar işğal etdiyi ərazilərdə bu qiymətli sərvətləri amansızcasına dağıdıb, Ermənistana daşıyıb, daşınması mümkün olmayanları isə yandırmaqla ekologiyaya ciddi ziyan vurublar. Ermənilərin meşələrdə hər il mütəmadi olaraq törətdiyi yanğınlar min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurur. 

Özlərini dünyanın “ən mədəni” xalqı elan edən vandallar əslində ekoloji terrorla, mina terroru ilə məşğul olmaqdan xəcalət çəkmək əvəzinə təbiətə qənim kəsilməkdən əl çəkmək istəmirlər. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi bunu bir daha sübut edir.

 II Qarabağ müharibəsi başa çatandan dərhal sonra V. Putin, İlham Əliyev və N.Paşinyan arasında razılaşmaya uyğun olaraq, Qarabağ ermənilərinin Ermənistana gedib-qayıtması üçün açılan laçın dəhlizi ermənilərin silah daşıma yoluna çevrilib ki, bu da həmin Bəyanatın 4-cü bəndinin kobud şəkildə pozulmasıdır. Həmin bəndə əsasən erməni hərbi birləşmələri ərazidən çıxarılmalı idi. Son iki il ərzində Laçın yolu ilə Xankəndiyə davamlı silah, hərbi qüvvə axını olub. 

Eyni müqavilənin digər hissəsində Naxçıvanı Azərbaycanın qalan ərazisi ilə birləşdirən dəhlizin - Zəngəzurun açılması da nəzərdə tutulur. Hər iki dəhlizin təhlükəsizliyinə Rusiya zəmanət verməli idi. İki il keçib, Laçın yolu istifadəyə verilib, amma Zəngəzur dəhlizi hələ də yoxdur. Çünki Ermənistan buna mane olur. Çünki Ermənistan dövlət kimi mövcud deyil. Rusiyanın satrapı rolunu oynayan Ermənistan indiyə qədər götürdüyü öhdəlkiləri yerinə yetirməməklə bərabər, regionda ekoloji tarazlığın pozulmasında bir nömrəli aktordur.

30 il ərzində ekologiyamıza, təbiətə vurduqları ziyan yetməzmiş kimi indi də  Rusiya vətəndaşlığından imtina edib Qarabağa gələn kriminal  iş adamı Ruben Vardanyan ekoloji fəsadları nəzərə almadan Qarabağ yataqlarında qızıl tərkibli və mis-molibden filizlərinin qanunsuz hasilatına başlayıb. Qanunsuz hasilatı aradan qaldırmaq məqsədilə Azərbaycanın aidiyyəti qurumları Qarabağa gediblər. Lakin Vardanyan və quldurları mütəxəssislərin yolunu kəsib, monitorinq prosesini pozub. Ermənilərə gözün üstə qaşın var deməyən, ekoloji tarzlığın pozulmasına, silah daşınmasına göz yuman Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkov isə çıxış yolu kimi yolu bağlayıb. Bunun nəticəsi olaraq mindən çox ekofəal Laçın yoluna toplaşıb və sülhməramlıların komandiri Andrey Volkovun onlarla danışmasını tələb edən şüarlar səsləndiriblər.

Sırf dinc aksiya olan bu tədbir erməniləri və onların havadarlarını təşvişə salıb. Ermənistan rəhbərliyi yenə də həddini aşaraq Azərbaycanın daxili işlərini şərh edən bəyanatlar səsləndirməkdə davam edirlər. Necə deyərlər. Ayıblarına kor olmaq əvəzinə gah humanitar dəhlizin bağlanmasından, gah da Xankəndiyə qazın verilmədiyindən gileylənirlər. Halbuki yol ekofəallar tərəfindən deyil, sülhməramlılar tərəfindən bağlanıb. Xankəndiyə qaz isə Ermənistandan verilir.

Qarabağdan qoşunlarını çıxarmaqdan və Zəngəzur dəhlizini açmaqdan imtina edən Ermənistan əvəzində Qarabağ ərazisini minalayır, ora qaçaqmalçılıq yolu ilə silah aparır, Azərbaycanın sərvətlərinin qanunsuz talan edir. Və onlar bütün bunları Rusiya sülhməramlılarının arxasında gizlənib edir. Nəzərə alsaq ki Rusiya Qarabağı rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanıyır, onda sülhməramlı kontingentin rəhbərliyinin Azərbaycanın  səalahiyyətli nümayəndələrini monitorinq keçirməyə buraxmamasının mahiyyəti qaranlıq qalır.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin tələbi haqldır. Çünki ərazi də bizimdir, təbii sərvətlər də. Ona görə də Azərbaycana məxsus olan yataqlarda qanunsuz hasilat dayandırılmalı, Laçın yolu ilə sursat, mina və hərbçilərin daşınmasının qarşısını almaq üçün Rusiya-Azərbaycan birgə nəzarət qrupu yaradılmalı, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması da daxil olmaqla, 2020-ci il üçün Üçtərəfli bəyanatın maddələri icra edilməlidir.

Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər isə  Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir. Başqa dövlətin daxili işlərinə əsassız müdaxilədən əl çəkməyən Ermənistan ya bu hərəkətlərinə son qoymalı, ya da yenidən daha ağır nəticələrə qatlanmalıdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi onlar unutmamalıdır ki dəmir yumruq hələ də öz yerindədir və bu dəfə başlarına dəysə bir daha ayılmaqları çox uzun bir proses olacaqdır.