Şuşa Bəyannaməsi: Azərbaycan- Türkiyə Müttəfiqliyinin yeni zirvəsi

Dilarə Seyidova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 97 nömrəli məktəbin uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı
Azərbaycan və qardaş Türkiyə respublikası arasında tarixi, mədəni və mənəvi bağlar əsrlər boyu davam etmişdir. Bu bağlar ortaq kök, dil, din, mədəniyyət, adət və ənənələr üzərində qurulmuş, zaman keçdikcə tarixin çətin sınaqları qarşısında dərinləşmiş, möhkəmlənmişdir. Xüsusilə bu münasibətlər müstəqillik illərində daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Ordusu tərəfindən aparılan 44 günlük Vətən müharibəsi nəticəsində işğalda olan torpaqlarımız azad edildi. 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin azad olunması isə müharibənindönüş nəqtəsi və tarixi zəfəri oldu.
Məhz bu zəfərin nəticəsində tarixən mədəniyyət beşiyi olan Şuşa şəhəri həm rəmzi. Həm də strateji baxımdan xüsusi əhəmiyyət qazandı. Bundan bir il sonra, 2021-ci il 15 iyun tarixində tarixi Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında izalanmış “Şuşa Bəyannaməsi” münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə çatdırdı.
Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalamışdır. İmzalanmış Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz,
kədəri kədərimizdir” XXəsrin sonlarında Ulu Öndər Heydər Əliyev demişdir:”Türkiyə və Azərbaycan bir millət, iki dəvlətdir.”
Dövlət başçımız, Cənab Prezident İlham Əliyevhər iki liderin fikirlərinə münasibətini bildirərək deyir: ”Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”. “Şuşa Bəyannaməsi” Azərbaycanın suverenliyinin və regional gücünün göstəricisi, eyni zamanda hər iki dövlət arasında həm siyasi, həm hərbi, həm də iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşməsini təmin edir.
“Şuşa Bəyannanməsi” səkkiz istiqamətdə əməkdaşlığı nəzərdə tutur:
1.Siyasi və Diplomatik Əməkdaşlıq: Dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və müdafiəsi. Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və ortaq mövqeylərin koordinasiyası.
2.Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq: Sənəddə hərbi əməkdaşlığın və qarşılıqlı müdafiənin gücləndirilməsi qeyd olunur. Hər iki dövlətin silahlı qüvvələrinin qarşılıqlı təlimləri və müdafiə sənayesi sahəsində birgə layihələr nəzərdə tutulur.
3. Regional sabitlik və əməkdaşlıq: Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin olunmasında Türkiyə və Azərbaycanın birgə fəaliyyəti vurğulanır.
4. Nəqliyyat və kommunikasiya layihələri: Zəngəzur dəhlizi başda olmaqla regional nəqliyyat infrastrukturunun inkişafı və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında birbaşa əlaqənin yaradılması sənəddə öz əksini tapır.
5. İqtisadiyyat və enerji sektoru: İki ölkə arasında enerji layihələrinin, xüsusilə qaz və elektrik enerjisi sahhələrində birgə fəaliyyəti nəzərdə tutur.
6. Mədəniyyət və humanitar əlaqələr: Ortaq tarixi-mədəni irsin qorunması və təbliği. Teatr, musiqi, incəsənət sahəsində birgə layihələr.
7. Təhsil, Elm və Gənclər Mübadiləsi: Universitetlərarası əməkdaşlıq, tələbə və müəllim mübadiləsi. Gənclərin birgə layihələrdə iştirakı, ortaq proqramların inkişafı.
8. Media və İctimai Diplomatiya: Ortaq televiziya, film və informasiya layihələrinin təşkili. Media sahəsində əməkdaşlıq informasiya təhlükəsizliyi.
“Şuşa Bəyannaməsi” faktiki olaraq iki dövlət arasında təhlükəsizlik, müttəfiqlik razılaşması funksiyasını daşıyır. Məhz Hərbi və Təhlükəsizlik maddələri-NATO madelinə bənzəyir. Belə ki, bu Bəyannamədə qeyd olunur ki, tərəflərdən biri üçüncü bir dövlətin təcavüzünə və təhdidinə məruz qaldıqda, digər tərəf bu təhlükəyə ortaq reaksiya vermək öhdəliyini götürür. Bu maddə NATO-nun 5-ci maddəsinə (kollektiv müdafiə prinsipi) bənzər xarakter daşıyır.
15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin Milli Qurtuluş Gününə təsadüf etməsi də simvolik xarakter daşıyır. Bölgədə yeni geosiyasi reallıq yaradan bu sənəd nəinki iki qardaş dövlət arsında, sülhün, birliyin, dostluğun simgəsidir, eyni zamanda bu sənədi Türk dövlətləri Türk birliyinin təməli kimi qəbul etdilər.
Yaşasın Haqqın qələbəsi, zəfəri, Türkün birliyi, diriliyi!