Dekabrın 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Əbədi irs, davamlı siyasət” adlı tədbir keçirilib.Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının və digər idarə, müəssisələrin nümayəndələri, şəhid ailələri və məktəblilər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Mərkəzdə davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, Suraxanı Rayon İcra Hakimiyyətinin məsləhətçisi Gülşən Şıxlarova və digər rəsmi şəxslər iştirak ediblər.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin etiramla yad edərək qeyd etmişdir ki, tarixdə hər liderə xilaskarlıq missiyası qismət olmur. Nərgiz Çıraqova onu da xüsusi vurğulamışdır ki, Ümummilli Liderin ölkəmiz qarşısında misilsiz xidmətləri var və dünya tarixində iz qoyan bu nadir xidmət nümunəsi onu müdrik xalqımızın qəlbində əbədi yaşar edir.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, Suraxanı Rayon İcra Hakimiyyətinin məsləhətçisi Gülşən Şıxlarova və digər rəsmi şəxslər çıxış edərək bildirdilər ki, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir respublika kimi tanınır və böyük perspektivlərə malik bir ölkə kimi qəbul edilir.
Tədbirin bədii hissəsində 226, 154 və 279 nömrəli tam orta məktəblərinin şagirdlərinin ifalarında şeir kompozisiyaları səsləndirilib.
Sonda qonaqlar Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.