Suraxanı rayonunda "Şərqdə doğan günəş" adlı tədbir keçirildi

 Suraxanı rayonunda "Şərqdə doğan günəş" adlı tədbir keçirildi
316 nömrəli tam orta ümumtəhsil məktəbində “28 May – Müstəqillik Günü”nə həsr olunmuş “Şərqdə doğan günəş” adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, 316 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Yasin Quliyev və məktəbin müəllim - şagird kollektivi iştirak etmişlər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyi uğrunda aparılan mübarizənin, milli dövlətçilik ənənələrinin və vətənpərvərlik ruhunun şagirdlər arasında təbliği məqsədilə keçirilib. Şagirdlərin təqdim etdikləri vətənpərvərlik mövzusunda şeirlər, musiqili kompozisiya və səhnəcik böyük maraqla qarşılanıb. Çıxış edən məktəbin tarix müəllimi İlhamə Şirinova Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətçilik ənənələri, xalqımızın azadlıq uğrunda mübarizəsi və müstəqilliyimizin əhəmiyyəti barədə geniş məlumat verdi.
Çıxış edən məktəbin direktoru Yasin Quliyev qeyd edib ki, müstəqillik xalqımızın ən böyük tarixi nailiyyətidir və bu dəyərin qorunaraq gələcək nəsillərə ötürülməsi hər birimizin əsas vəzifəsidir. Bildirilib ki, milli-mənəvi dəyərlərə bağlı, dövlətçilik ənənlərinə sadiq ruhda və vətənə bağlı gənclərin formalaşdırılmasının məktəbin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Müstəqil Azərbaycanın inkişaf yolunda gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov öz növbəsində Azərbaycanın müstəqillik yolunun şərəfli və çətin mərhələlərdən keçdiyini vurğulayaraq, bugünkü güclü və qalib Azərbaycanın qurulmasında xalqımızın birliyinin mühüm rol oynadığını qeyd edib.
Sonda bir qrup şagird təşəkkürnamələrlə təltif olunmuşlar.