Suraxanı rayon İcra Hakimiyyətinin, Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin və "Biz Bir Ailəyik" Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “3 dekabr Beynəlxalq Əlillər Günü”nə həsr olunan tədbirdə RİH başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, sağlamlıq imkanları məhdud sakinlər, ictimai təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, idarə və təşkilat rəhbərləri iştirak ediblər.
İlk öncə xüsusi istedadı və qabiliyyəti ilə seçilən fiziki məhdudiyyətli şəxslərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirilib. Daha sonra Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin və canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Tədbirdə sağlamlıq imkanları məhdud iştirakçılar bədii hissə ilə çıxış ediblər.
Həmçinin, Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək dövlət tərəfindən əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışaraq Beynəlxalq Əlillər Gününün əhəmiyyətindən bəhs edib. O, bildirib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda Beynəlxalq Əlillər Günü rəsmi şəkildə qeyd olunur. Bu gün cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən əlil vətəndaşlara dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir, onları narahat edən problemlər həllini tapır. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə mütəmadi olaraq bu kateqoriyalardan olan insanların müavinətləri artırılır, onların sosial problemləri həll edilir, mənzil şəraiti daha da yaxşılaşdırılır. Ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da əlillər diqqət və qayğı ilə əhatə olunub.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov öz çıxışında ölkəmizdə həyata keçirilən sosialyönümlü işlərə toxunaraq bildirmişdir ki, dövlət tərəfindən əlillərin qorunması və onlara diqqətin göstərilməsi yüksək səviyyədədir. Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, həssas təbəqədən olan insanlara qayğının göstərilməsi yalnız dövlətin deyil, bütün cəmiyyətin məsuliyyətidir.
Milli Məclisin deputatı Etibar Əliyev çıxış edərək respublikamızda əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından ətraflı söhbət açıblar.
Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədlinin, Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin sədri, Para Velosiped idman növü üzrə Paralimpiya Milli komandasının baş məşqçisi, ARB telekanalının aparıcısı, jurnalist Amid Həsənquliyevin və digər qonaqların çıxışlarından sonra “3 dekabr – Beynəlxalq əlillər günü” münasibətilə bir qrup şəxs “Təşəkkürnamə” ilə təltif olunublar.