Suraxanı rayonunda 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilmişdir
1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyin tabeliyində 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktoru Jalə Həsənova, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nazim Fətullayev, İkiqat Parolimpiya cempionu İlham Zəkiyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, olimpiya cempionu Fərid Mənsurov iştirak etmişlər. Öncə qonaqlar sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya xidmətləri və mərkəzin özü ilə əyani tanış olmuşlar.
Tədbiri giriş sözü ilə açan 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktoru Jalə Həsənova qonaqları salamlayaraq 1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ətraflı məlumat vermişdir. Jalə Həsənova xüsusi vurğulamışdır ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya imkanları daim genişləndirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi nəticəsində yaradılan 2 saylı Uşaq Reabilitasiya Mərkəzi də ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə müasir standartlara uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfələr verilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, uşaqlar ölkəmizin və dünyamızın gələcəyidir. Onların doğru, vətənpərvər ruhda tərbiyə ilə yanaşı, onlar üçün digər xidmətlər kimi tibbi xidmətlərin də əlçatan olmasının vacib olduğunu vurğulayan yerli təşkilatın sədri bu işdə ali dövlət rəhbərliyinin fəaliyyətini xüsusi qeyd etmişdir. Vüqar Seyidov onu da diqqətə çatdırmışdır ki, Suraxanı rayonunda belə bir mərkəzin fəaliyyət göstərməsi rayonda yaşayan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya fürsətlərinin daha da artmasına səbəb olur.
Daha sonra tədbir 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində müalicə alan sağlamlıq imkanları məhdud uşaqların nümunəvi çıxışları ilə davam etmişdir.