Natiq Həsənov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Bülbülə bələdiyyəsinin sədri
Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində bir neçə parametr üzrə sülh gündəliyinə dair çağırışlar yer aldı. Bütövlükdə həm Ermənistanın siyasi rəhbərliyinə və ictimaiyyətinə, həm Qarabağda yaşayan erməni sakinlərə, həm də regionda həqiqətən sabitlik istəyən qüvvələrə açıq mesajlar verildi. Dövlətimizin başçısı regionda və dünyada gedən prosesləri düzgün qiymətləndirərək qarşı tərəfə zamanın onların əleyhinə işlədiyini, əks təqdirdə, hansı təhlükələrin ola biləcəyini, xəbərdarlıqlardan doğru nəticə çıxarmaq üçün hələ də şansların qaldığını ifadə etməklə Azərbaycanın xoş niyyətini bir daha ortaya qoydu.
Sülh istəmək zəiflik əlaməti deyil, Azərbaycan öz gücünü hərb meydanında sübuta yetirib. Dövlətimiz öz gücünü lazım gələrsə, milli maraqlara təhdid yaranarsa, yenidən nümayiş etdirməyə hazırdır. Sadəcə olaraq, regionun inkişafı və iqtisadi potensialını düzgün istiqamətə yönəltmək üçün ölkəmiz müharibə tərəfdarı deyil. Ermənistanın keçmişi unudub, reallıqlarla barışmaqdan başqa yolu qalmayıb. Bu ölkə hansısa qüvvələrə arxalanıb, bəzi maraqlı dairələrin vədinə inanıb sülhü sabotaj etməyə cəhd göstərsə, fərqli vəziyyətlərə düşmək riskləri böyükdür.
Prezident İlham Əliyevin vurğuladıgı kimi Laçın yolu ətrafında siyasi manipulyasiyaların təzahürləri artıq heç kəsdə şübhə yaratmır. Bəzi qüvvələr çalışırlar ki, qanunazidd fəaliyyətlərlə “humanitar şou” düzəltməklə Azərbaycanın haqlı tələblərinin qarşısını kəssinlər. Dövlətimizin başçısı xarici telekanallar vasitəsilə “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin humanitar məqsədlər üçün hər zaman açıq olduğunu, bu günədək iki mindən çox erməni sakinin keçdiyini, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) işinə maneçilik törədilmədiyini nəzərə çatdırdı. Lakin əksinə olaraq (BQX) yük maşınlarının yoxlanılması zamani siqaret, mobil telefonlar və benzin məhsullarının qaçaqmalçılıqla keçirilməsi aşkar olundu (BQX) bunu etiraf etdi və bildirdi ki onlar buna görə məsuliyyət daşımırlar. Digər vacib detal isə Azərbaycan Prezidentinin BQXK-nın Xankəndidəki ofisinin İrəvana deyil, Bakıdakı mərkəz qarşısında cavabdehlik daşımasının beynəlxalq hüquqla daha doğru olmasını bildirməsi idi.
Prezident İlham Əliyev müsahibə zamanı Avropa ilə siyasi-iqtisadi əlaqələrin inkişafından, Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında aktiv fəaliyyətinin müsbət dəyərləndirilməsindən, ölkəmizin indiyədək heç bir platformadan imtina etmədiyindən danışdı. Həmçinin sülh müqaviləsinin imzalanmasına nail olmağı qarşısına məqsəd qoyan istənilən vasitəçilərin bütün səylərini dəstəklədiyini açıqladı.
Müsahibənin sonunda isə dövlətimizin başçısı Qarabağda yaşayan erməni sakinlərə hüquqlarının yeganə qarantının Azərbaycan dövlətinin olduğunu, kənar qüvvələrin və qondarma qurumun təmsilçilərinin sözlərinə aldanıb miflərdən ibarət xülyalara arxalanmamalarını bildirdi. Azərbaycan ölkə vətəndaşlığını alacaq şəxslərin digərləri ilə bərabər imkanlara sahib olacağını, təhsil, mədəniyyət hüquqlarının tanınacağını vəd verir. Qarabağda yaşayan erməni sakinlər üçün bundan böyük fürsət ola bilməz. Seçim hüququ və gələcəklə bağlı hansı coğrafiyada məskunlaşmaq isə hər kəsin öz ixtiyarındadır.