SOÇİ GÖRÜŞÜ PREZİDENT İLHAM ƏLİYEVİN NÖVBƏTİ DİPLOMATİK QƏLƏBƏSİDİR

SOÇİ GÖRÜŞÜ PREZİDENT İLHAM ƏLİYEVİN NÖVBƏTİ DİPLOMATİK QƏLƏBƏSİDİR
Qulam Səfərzadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Bildiyimiz kimi, oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Rusiyanın Soçi şəhərində baş tutub. Üçtərəfli görüş vacib razılaşmaların əldə olunması ilə nəticələndi. Xalqımız üçün mühüm olan həm də odur ki, bu ilin yanvarında Moskvada keçirilən ilk görüşdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə də müzakirə olunan bütün məsələlərlə bağlı  Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi.

Soçi görüşünün əsas müzakirə mövzusu 2020-ci il 10 noyabr Bəyanatının, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişi barədə oldu. Prezident İlham Əliyev üçtərəfli görüşdə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırdı: “Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”.

Rusiya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında azərbaycanlı həmkarı İlham Əliyevin toxunduğu məsələləri müdafiə edib. Rusiya Prezidenti də iki dövlət arasında sərhədin demarkasiya və delimitasiya işlərinin başlanılmasını vacib hesab edib.

Ən önəmlisi odur ki, Soçidə imzalanan Bəyanatda yer alan məsələlərdə Azərbaycanın mövqeyi ifadə olundu. O cümlədən Rusiya bir çox məsələlərdə ölkəmizin mövqeyini dəstəklədiyini büruzə verdi. Bütövlükdə Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi oldu. Bütün bunlar göstərir ki, rəsmi Bakı Soçi görüşündə qarşısına qoyduğu bəzi məqsədlərə nail oldu. Bəyanatda Qarabağ ifadəsinin yer almaması, ATƏT-in Minsk qrupunun adının çəkilməməsi də önəmli hadisədir. Bu, artıq  Minsk qrupunun da tarixdə qaldığının göstəricisidir.

Bütövlükdə, Soçidəki üçtərəfli görüşdə Prezident İlham Əliyevin mövqeyi və irəli sürdüyü, Rusiya Prezidentinin də dəstəklədiyi məsələlər öz əksini tapdı.