Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru
Respublikamızın müstəqillik qazanmasından artıq 30 ildən artıq bir vaxt keçir. Müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri də Slovakiya olmuşdur. 1992-ci ildən bəri iki ölkə arasında dostluq münasibətlərinin təməli qoyulmuş, illər ərzində daha da möhkəmlənmişdir. Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.
Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır. Qarşılıqlı səfərlər çərçivəsində müzakirə olunan məsələlər, imzalanan sənədlər bu əlaqələrin yüksələn xətlə inkişafında stimulverici amil rolunu oynayır. Bu baxımdan Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri xüsusilə diqqət çəkir. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Robert Fitsonun təkbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin dünəni, bugünu və gələcəyi barədə aydın təsəvvür yaratdı.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlıq haqqında bəyanna- mə” imzalandı. Görüş zamanı dövlətimizn başçısı qeyd etmişdir ki, Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək: “Bu da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək”. Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açıldığını vurğulayan Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, bizim müştərək yolumuz çox uğurlu olacaq. Öz növbəsində Slovakiyanın Baş naziri Robert Fitson ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi. Baş nazir bildirdi ki, biz Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq. Azərbaycan-Slovakiya münasibətlərinin ayrı-ayrı istiqamətlər üzrə inkişafı üçün böyük imkanlar mövcuddur.
Ölkələrarası münasibətlər etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətlərinə söykənir və bu, uğurlu əməkdaşlıq üçün çox mühüm bir amildir. İnanırıq ki, bu səfər və bundan sonra baş tutacaq digər səfərlər,bağlanacaq sazişlər,müqavilələr bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək.Atılan hər uğurlu addım xalqın rifahı üçün atılan addımdır.