Slovakiya-Azərbaycan münasibətlərində yeni mərhələ

Slovakiya-Azərbaycan münasibətlərində yeni mərhələ
Arzu Hüseynova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan və Slovakiya arasında münasibətlər dostluq, əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf edir. İki ölkə arasındakı bu münasibət iqtisadi əməkdaşlıq sahələrində güclənərək son illərdə daha da inkişaf edib.Azərbaycanın tərəfdaşlıq münasibətlərini getdikcə daha da inkişaf etdirdiyi ölkələrdən biri də Slovakiyadır. Bu günlərdə Slovakiya Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri baş tutdu. Səfər çərçivəsində ikitərəfli münasibətlərin dinamikasından məmnunluq ifadə olundu və perspektiv əməkdaşlığın müxtəlif aspektlərinə aid aktual məsələlərin müzakirəsi aparıldı, həmçinin təkbətək və geniş tərkibdə görüşlər, mətbuata birgə bəyanatlar verildi.Səfər iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə kimi dəyərləndirildi. Belə ki, səfər çərçivəsində Azərbaycan ilə Slovakiya arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edildi. Siyasi münasibətlərin daha da möhkəmləndirilməsini bilavasitə nəzərə alan tərəflər ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin arzuolunan səviyyədə inkişaf etdirilməsini son dərəcə vacib olduğunu bildirdilər.
Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.Slovakiya Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu yüksək qiymətləndirir, son illərdə ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Bu baxımdan dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Baş naziri Robert Fitsonun iştirakı ilə “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” əməkdaşlıq əlaqələrinin daha da güclənməsi üçün yeni perspektivlər açacaq.
Dövlət başçısı İham Əliyev mətbuata bəyanatında səfər çərçivəsində strateji tərədaşlıq haqqında birgə Bəyannamənin imzalanmasını önə çəkərək bildirdi ki, bu, çox ciddi siyasi və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edən cənab İlham Əliyev çoxtərəfli əməkdaşlıq sahəsində atılan addımları və uğurlu nəticələri diqqətə çatdırdı.
Səfər çərçivəsində xüsusilə yadda qalan məqamlardan biri də Slovakiya şirkətləri tərəfindən Ağdamın Qərvənd kəndinin yenidən qurulması oldu. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, həm də əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Bununla da ölkə başçısı tərəfindən azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti təqdir edildi.
Ümumilikdə, Azərbaycanla Slovakiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan addımlar böyük nəticələrin əldə olunacağına əsas verir. Bu səfər onu göstərdi ki, rəsmi Bratislava Cənubi Qafqazın ən ararıcı və resrektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.