Şəhid Elnur Şahbazovun doğum günü ehtiramla yad edilib
44 günlük Vətən müharibəsində canından keçərək Şəhidlik məqamına yüksəlmiş igid oğullarımızdan biri Şahbazov Elnur Qədir oğlunun bu gün 22 yaşı tamam olur. Bu münasibətlə avqustun 20-də Yeni Suraxanı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Şəhidimizin məzarı ziyarət edilmiş, qəbri üstünə gül dəstələri düzülmüş, dualar oxunmuşdur.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri, Şəhid ailələri və Şəhidin doğmaları iştirak etmişlər.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirdi ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Yerli təşkilatın sədr müavini xüsusi vurğulamışdır ki, Şəhidlərimizin doğum və anım günləri müdrik xalqımızın qürur tarixidir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.