Regional inteqrasiyada və Naxçıvanın yeni inkişaf mərhələsində Zəngəzur dəhlizinin rolu 

Regional inteqrasiyada və Naxçıvanın yeni inkişaf mərhələsində Zəngəzur dəhlizinin rolu 

Aygün Məmmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 312 saylı körpələr evi və uşaq bağçasının müdiri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə, regionun gələcək iqtisadi və logistik mənzərəsini müəyyən edən strateji tezislərlə zəngindir. Dövlət başçısının səsləndirdiyi fikirlər Naxçıvanın yaxın illərdə təkcə yerli əhəmiyyətli deyil, qlobal miqyaslı regional nəqliyyat, enerji və iqtisadi əlaqələrin mühüm mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanların yaradıldığını nümayiş etdirir.

Diqqət çəkən ən fundamental məqam ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi artıq sadəcə birtərəfli və ya lokal bir nəqliyyat layihəsi kimi deyil, daha geniş regional inteqrasiya platforması kimi nəzərdən keçirilir. Bu meqalayihənin yaradılması təşəbbüsünün birbaşa Azərbaycana məxsus olduğunu vurğulayan dövlət başçısı, məsələnin ölkəmizin Naxçıvanla birbaşa quru bağlantısının təmin olunması ilə yanaşı, həm də beynəlxalq logistika xəritəsində mövqeyinin maksimal dərəcədə gücləndirilməsi baxımından daşıdığı strateji çəkini diqqətə çatdırıb.

 2020-ci il Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanatda bu istiqamətdə konkret razılaşmanın əldə olunması layihənin siyasi-hüquqi əsasını formalaşdırsa da, sonrakı dövrdə proses müxtəlif süni maneələr və səbəblər üzündən müəyyən ləngimələrlə üzləşmişdir. Bununla belə, Azərbaycanın qətiyyətli diplomatiyası sayəsində məsələ davamlı olaraq beynəlxalq gündəmdə saxlanılmış və nəticədə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş mühüm razılaşmalar çərçivəsində TRIPP layihəsinin icrasına rəsmən start verilmişdir.

Layihənin qısa müddətdə reallaşdırılması regionda nəqliyyat əlaqələrinin keyfiyyətcə tamamilə yeni bir mərhələsinə keçidi sürətləndirmək iqtidarındadır. Azərbaycan bu qlobal prosesə yalnız masa arxasındakı siyasi razılaşmalar səviyyəsində yanaşmır, paralel olaraq öz suveren ərazilərində irimiqyaslı və konkret infrastruktur layihələrini böyük sürətlə həyata keçirir. Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin artıq yekun mərhələyə çatması, həmçinin paralel dəmir yolu xəttinin inşasının aramsız davam etdirilməsi Bakının dəhlizin özünə aid hissəsini tam hazır vəziyyətə gətirməkdə nə dərəcədə qərarlı və maraqlı olduğunu əyani şəkildə sübut edir.

Eyni zamanda layihənin Naxçıvan istiqamətindəki qanadı da mövcud planların miqyasını əhəmiyyətli dərəcədə genişləndirir. Belə ki, Ordubad və Sədərək istiqamətlərində hazırda mövcud olmayan dəmir yolu hissələrinin yenidən qurulması, köhnə xətlərin tam reabilitasiyası və ən əsası, muxtar respublikanın dəmir yolu şəbəkəsinin illik yükaşırma qabiliyyətinin 15 milyon tona çatdırılması hədəflənir. Bu nəhəng göstərici Naxçıvanın gələcəkdə sadəcə bir keçid məntəqəsi deyil, nəhəng yük axınlarını qəbul edən, paylayan və idarə edən beynəlxalq logistika mərkəzi kimi formalaşdırılacağını nümayiş etdirir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Naxçıvan dəmir yoluna xarici sərmayədarların və beynəlxalq konsorsiumların marağının ciddi şəkildə artdığını xüsusi qeyd edib. Avropa İttifaqı nümayəndələrinin muxtar respublikaya reallaşdırdığı səfərlər və layihəyə göstərdikləri diqqət bu xəttin qitələrarası əhəmiyyətini təsdiqləyir. Azərbaycan bu növ beynəlxalq tərəfdaşlığa və investisiya iştirakına prinsip etibarilə tamamilə açıq olsa da, ölkəmizin milli maraqlarından doğan əsas şərti dəyişməz qalır ki, bu da layihədə nəzarət paketinin birbaşa Azərbaycan dövlətində qalması və icra prosesində heç bir vaxt itkisinə yol verilməməsidir.

Naxçıvanın coğrafi üstünlükləri onun həm də qlobal Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin strateji kəsişmə nöqtəsində yerləşməsindən qaynaqlanır. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Naxçıvan üzərindən qonşu İran İslam Respublikası istiqamətində əlavə dəmir yolu bağlantısının yaranması, Azərbaycanın Avrasiya materikindəki alternativ logistik marşrutlarını şaxələndirəcək, bunun da birbaşa nəticəsi olaraq muxtar respublikada görünməmiş iqtisadi fəallıq qeydə alınacaq və minlərlə yeni iş yerləri açılacaqdır. Çoxşaxəli xarakter daşıyan bu strateji gedişatın digər mühüm sütununu isə onun enerji komponenti təşkil edir.

Dövlət başçısının bəyan etdiyi kimi, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən keçməklə çəkiləcək yüksək gərginlikli elektrik xətlərinin layihəsi artıq tam hazır vəziyyətdədir. Bu reallıq birmənalı şəkildə göstərir ki, Zəngəzur dəhlizi təkcə avtomobil və dəmir yollarından ibarət olmayacaq, həm də gələcəkdə fiber-optik kommunikasiya kabellərinin, regional elektrik magistrallarının və zərurət yarandığı təqdirdə digər strateji enerji infrastrukturlarının eyni marşrut üzrə inteqrasiyasını təmin edən genişmiqyaslı milli rəqabətədavamlılıq dəhlizinə çevrilər.

Paylaş