Qurtuluş məfkurəsi - tərəqqi və Zəfər zirvəsinə aparan yol

Qurtuluş məfkurəsi - tərəqqi və Zəfər zirvəsinə aparan yol

Tahir Budaqov

Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri

Tarix faktları və reallıqları əks etdirən etibarlı mənbədir. Dünyanın siyasi tarixi isə xalqların mübarizə yolunu və dövlətçilik təcrübəsini əks etdirir. Müxtəlif nümunələr var - inkişafı, tərəqqini, intibahı, tənəzzülü, xaosu, böhranı, qarşıdurmanı ifadə edən hadisə və proseslər müxtəlif xalqların, millətlərin siyasi ömür yolunda əks olunub. Bunlar həm də bir dövlətin siyasi taleyini, geosiyasi perspektivlərini müəyyənləşdirən həlledici anlar, tarixi əhəmiyyətə malik məqamlardır.

Əlbəttə, tarix yazmış və tarixə yazılmış xalqların inkişaf yolu müxtəlif, rəngarəng və özünəməxsus olması ilə fərqlənir. Daha dəqiq desək, tarix səhnəsində yüksəlişi ilə nümunə yaratmış, bəşəriyyətin mənəvi-siyasi xəzinəsinin zənginləşməsinə mühüm töhfələr vermiş hər bir xalqın öz inkişaf yolu, mütərəqqi, unikal və nümunəvi təcrübəsi mövcuddur.

Zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı da bu baxımdan istisna deyil. Sirr deyil ki, xalqımız əsrlər boyu unikal, bənzərsiz milli dəyərlərini dünyaya nümayiş, tarixin ictimai-siyasi yaddaşına isə əbədi həkk etdirib. Xüsusilə də, bir əsrdə iki dəfə müstəqillik qazanan Azərbaycan xalqı siyasi potensialını, milli ideyaya sadiqliyini - müstəqillik idealına bağlılığını, mənəvi-siyasi mübarizə amalını və dövlətçilik ruhunu ortaya qoyub, yeni, fərqli və cəlbedici nümunə yaradıb.

Şübhəsiz ki, Azərbaycanın timsalında siyasi-strateji dönüş nöqtəsi kimi səciyyələndirilən, milli yüksəlişi təmin edən amillər kifayət qədərdir. Amma həlledici faktor, əlbəttə, liderlik fenomenidir.

Çoxəsrlik dövlətçilik tarixinə malik olsaq da, yalnız ən yeni tariximizdə - ikinci müstəqillik dövründə iqtisadi və siyasi yüksəlişi, geostrateji üstünlüyü təmin edə, dünyada nüfuzlu, qüdrətli dövlət kimi tanına bilmişik. Bu isə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi dühası, strateji fəaliyyəti sayəsində mümkün olub. Xalqın etimadını, dünya azərbaycanlılarının inamını və ümidlərini doğruldan liderlərimizin uğurlu siyasəti nəticəsində Azərbaycanın adı qalib, güclü, söz və nüfuz sahibi olan dövlətlər sırasında çəkilməyə başlanıb, qürur və and yerimiz olan üçrəngli bayrağımız Zəfər zirvəsində əzəmətlə, məğrurcasına dalğalanıb və dalğalanır!

Milli siyasətin nəticəsi - yüksəliş, intibah və inkişaf

İnkaredilməz həqiqətdir ki, Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Ulu öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, gücləndirilməsinə, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görüb, böyük tarixi nailiyyətlərə imza atıb. Onun bənzərsiz xidmətləri, milli məzmunlu, bəşəri xarakterli fəaliyyəti bir dövrü deyil, bir-birindən siyasi və ideoloji cəhətdən kəskin fərqlənən iki mərhələni - həm SSRİ dönəmini, həm də müstəqillik illərini əhatə edir. 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev hələ SSRİ dövründə respublikamızın perspektiv inkişafı üçün möhkəm təməllər yaratmağa müvəffəq olub. Daha dəqiq desək, ümummilli liderin həmin vaxt respublikamıza rəhbərlik dövrü - 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsaslarını formalaşdırıb. Bundan başqa, ulu öndərin Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçildikdən sonra atdığı addımlar da xalqımızın gələcəyə yeni və mütərəqqi baxışının formalaşmasında, milli həmrəyliyin təmin edilməsində, müstəqillik düşüncəsinin və ideyasının əxz olunmasında xüsusi rol oynayıb. Faktlar ortada, reallıqlar isə aydındır: Ulu öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın yenidən qaldırılması; Naxçıvan MSSR adından "Sovet Sosialist" ifadəsinin çıxarılması; 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələrə siyasi qiymət verilməsi; Naxçıvan əhalisinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilməsi; 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərara imza atılması - bütün bunlar keçmişə hörmət və ehtiram, gələcəyə ümidli və nikbin baxış, milli hədəflərə yönəlik sistemli fəaliyyət nümunəsi kimi dövlətçilik tariximizin müstəsna siyasi hadisələrindəndir.

Ötən əsrin 90-cı illərinin ictimai-siyasi gerçəkliklərinə, milli dövlətçilik xüsusunda əsas hadisə və proseslərinə nəzər saldıqda birmənalı şəkildə qeyd edirik ki, müdrik dövlət xadimi Heydər Əliyevin bioqrafiyasının və Azərbaycanın həm dövlətçilik, həm də müstəqillik tarixinin çox mühüm tərkib hissələrindən birini Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə məqsədyönlü, şərəfli və uğurlu fəaliyyət göstərməsi təşkil edir. Başqa sözlə, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısının Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi, ümummilli liderin ziyalılara göndərdiyi cavab məktubunda partiyanın yaradılmasına və ona rəhbərlik etməyə razılıq verməsi müasir Azərbaycanın tərəqqi yoluna çıxmasına, xalqımızın parlaq gələcəyinin təmin olunmasına zəmin yaradan ən əlamətdar və əhəmiyyətli hadisələrdəndir.

Müxtəlif mənbələrə nəzər yetirdikdə müstəqillik dövrünün tədqiqatçılarının, siyasətçilərin və siyasətşünasların belə bir qənaətinə rast gəlirik: "YAP xalqın dəstəyi ilə və güclü liderin - Heydər Əliyevin ətrafında siyasi zərurətdən yaranmış partiyadır". Bu, mübaliğəsiz və mübahisəsiz olaraq - birmənalı şəkildə dəqiq, doğru və adekvat yanaşmadır. Çünki həmin dövrdə ölkədə mövcud olan vəziyyət xalqın dəstəyinə arxalanan, vətənpərvər, dövlətçilik təcrübəsinə və liderlik keyfiyyətlərinə malik şəxsiyyətin, onun timsalında yeni siyasi qüvvənin meydana çıxaraq tarixi-siyasi məsuliyyəti öz üzərinə götürməsini zəruri edirdi. Müstəqilliyin ilk illərində, o cümlədən Yeni Azərbaycan Partiyasının yaradılması ərəfəsində Azərbaycanda vəziyyət bəlli idi: mövcud hakimiyyətin milli maraqlara zidd, yarıtmaz, uğursuz siyasəti və xəyanətkar mövqeyi nəticəsində ictimai-siyasi böhran, iqtisadi tənəzzül, sosial xaos hökm sürürdü, respublikamız regional və beynəlxalq səviyyədə, demək olar ki, geosiyasi təcrid durumunda idi. Azərbaycanın formal xarakter daşıyan müstəqilliyinin itirilməsi təhlükəsi meydana çıxmışdı. Belə bir şəraitdə yalnız qətiyyətli, təcrübəli siyasi lider uğurlu strateji kurs həyata keçirərək və milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi. İnam, etibar və etimad ünvanı isə bəlli idi. Azərbaycan xalqı ümidini məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan Heydər Əliyevə bağlamışdı. Nəhayət, dövrün reallıqlarına və zamanın çağırışlarına uyğun olaraq xalqın dəstəyi, Heydər Əliyevin isə qəti mövqeyi, siyasi iradəsi və uğurlu fəaliyyəti nəticəsində Yeni Azərbaycan Partiyası qısa müddət ərzində insanları öz ətrafında sıx birləşdirdi, xalqın partiyasına, dövlətin siyasi sütununa çevrildi. Beləliklə, ümumiləşdirsək, deyə bilərik ki, YAP-ın siyasi səhnədə yüksəlişə keçməsini təmin edən iki mühüm amilə xüsusi diqqət yetirmək lazımdır: birincisi, liderin xarizması - yüksək nüfuzu, siyasi fəaliyyətində söz ilə əməlin vəhdətini yaratması; ikincisi isə, xalqın sarsılmaz inamı və güclü dəstəyi. Başqa sözlə, Heydər Əliyevin nüfuzu, xalqın ona böyük inamı, dərin etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu.

Əminliklə söyləmək olar ki, 30 ilə yaxın müddət ərzində zəngin və şərəfli yol keçən, Azərbaycanın tərəqqisinə - milli məqsədləri gerçəkləşdirməsinə və strateji hədəflərə çatmasına layiqli töhfələr verən Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Ümummilli liderimizin siyasi mirası və milli dövlətçiliyin siyasi dayağı olan YAP öz üzərinə düşən vəzifələri yerinə yetirib, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atıb, xalqın mənafeyinə və dövlətin strateji maraqlarına xidmət edən siyasi missiyasını bu gün də müvəffəqiyyətlə davam etdirir. Partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanması, xalq-lider birliyinin, ictimai-siyasi monolitliyin ifadəsi, Heydər Əliyev ideyalarının reallığı, Prezident İlham Əliyevin siyasətinin real nəticəsidir. Şübhə yoxdur ki, yeni Azərbaycan gerçəkliyini yaratmış Yeni Azərbaycan Partiyası Vətən müharibəsində qazanılmış möhtəşəm tarixi Zəfərdən sonra - yeni mərhələdə də öz üzərinə düşən vəzifələri layiqincə, əzmlə, inamla və şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcək, Azərbaycanın yüksəlişinin və yeni qələbələrinin siyasi bayraqdarı kimi çıxış edəcək. Çünki YAP, ümummilli liderimizin dediyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır.

Xilaskarlıq missiyası - milli dövlətçiliyin qurtuluşu

Azərbaycanın dövlətçilik tarixinin Heydər Əliyev dövrü həm də xilaskarlıq missiyası ilə xarakterik və əlamətdardır. Sirr deyil ki, Azərbaycan iqtisadi tənəzzül, siyasi xaos, regional təcrid şəraitində və vəziyyətində olarkən - 1993-cü ilin məlum iyun hadisələri zamanı xalqımız ulu öndərə ölkəmizin xilası və tərəqqisi naminə respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etmişdi. Ümummilli lider həmin dövrdə mövcud vəziyyəti belə təsvir etmişdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

Siyasi tariximizin çətin, mürəkkəb, keşməkeşli və qeyri-müəyyən dövründə - inamın azaldığı, ümidlərin tükəndiyi, vəziyyətin durmadan ağırlaşdığı və kəskinləşdiyi bir vaxtda o zamankı hakimiyyət nümayəndələri də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuşdular. Ümummilli lider isə dövləti, dövlətçiliyi xilas, xalqın rifahını, məmləkətin gələcəyini təmin etmək, Azərbaycan üçün aydın və parlaq perspektivlər yaratmaq naminə növbəti dəfə tarixi-siyasi məsuliyyəti öz üzərinə götürməkdən çəkinmədi. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtmışdı. O, Azərbaycan xalqının və dövlətçiliyimizin xilası, dövlətçilik ənənələrimizin, milli qürur və ləyaqətin bərpası naminə tarixi missiyasını yerinə yetirməyə başlamışdı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazılmışdı. Bu, Heydər Əliyevin böyük siyasətə Qayıdışı, xalqın Qurtuluşu, dövlətin isə Dirçəlişi idi.

"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", - deyən ümummilli lider, ilk növbədə, bütün imkanları, resursları ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltmişdi və buna nail oldu, sosial-iqtisadi inkişafın, ictimai-siyasi yenilənmənin təməllərini qoydu. Həmin dövrə nəzər salan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan xalqı bir daha öz müdrikliyini göstərərək ulu öndərə üz tutdu, ona müraciət etdi və onu hakimiyyətə dəvət etdi: "Hətta o vaxt Azərbaycanın rəhbərliyində yüksək vəzifələr tutan və vaxtilə Heydər Əliyevə qarşı təxribatlar törətməyə cəhd edən, Naxçıvana desant göndərmək istəyən antimilli qüvvələr də öz canlarından qorxaraq Heydər Əliyevi dəvət etmişdilər. Çünki onların öz taleyi artıq təhlükə altında idi. Mən o günləri yaxşı xatırlayıram. Naxçıvanlılar Heydər Əliyevi buraxmırdılar, qoymurdular ki, getsin. Ancaq Vətəni, Azərbaycan xalqını sevən dövlət adamı kimi onun demək olar ki, seçimi yox idi. O, Bakıya gəldi və o vaxt Bakıda gedən proseslər hamımızın yaxşı xatirindədir. Vətəndaş müharibəsinin dayandırılması birinci məsələ idi. Ona nail oldu. Ondan sonra - Azərbaycanda müəyyən dərəcədə sabitlik yaranandan sonra böyük islahatlara başladı. Demək olar ki, 1993-cü il müasir tariximizdə həlledici dönüş nöqtəsidir. Tam qətiyyətlə deyə bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu hətta şübhə altına düşə bilərdi".

Həmin il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində xalqımızın inam, etibar və etimadı əsasında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin milli maraqlara, dövrün tələblərinə və ictimai-siyasi reallıqlara uyğun qətiyyətli siyasəti Azərbaycanın iqtisadi proqressini, siyasi yüksəlişini və beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin və mümkün etdi. Ümummilli liderin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu müstəqil respublikamızın dünya arenasında nüfuzlu tərəfdaş kimi tanınmasını, güc mərkəzlərinin Azərbaycanla əməkdaşlığı cəlbedici seçim kimi dəyərləndirməsini şərtləndirdi.

İctimai-siyasi və tarixi yaddaşımıza sabitlik və inkişaf dönəmi kimi yazılan 1993-2003-cü illərin siyasi mənzərəsinin mühüm reallıqlarından biri də ulu öndərin modern dövlət quruculuğu ilə bağlı sistemli fəaliyyət göstərməsi - ardıcıl və məqsədyönlü işlər görməsidir. Heydər Əliyevin zamanın çağırışlarına uyğun dövlət quruculuğu siyasəti bir neçə istiqaməti ehtiva və əhatə edirdi. İlk növbədə, ictimai-siyasi sabitliyin, vətəndaş birliyinin - milli həmrəyliyin təmin edilməsi Azərbaycanın sürətli yüksəlişinə əlverişli şərait - dayanıqlı zəmin formalaşdırmışdı. Paralel olaraq demokratik inkişaf üçün zəruri şərtlər təmin olunmuş, siyasi-hüquqi islahatlara start verilmişdi. Müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi, müstəqillik dövrünün ilk Konstitusiyasının hazırlanması və ümumxalq səsverməsi - referendum əsasında qəbul edilməsi və digər bir sıra reformativ addımlar yeni mərhələdə Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə addım-addım irəliləməsinə imkan vermişdi. Kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin təşəkkülü və tərəqqisi istiqamətində konkret ictimai və hüquqi xarakterli addımlar atılması ictimai və hüquqi şüurun yenilənməsinə, siyasi sistemin təkmilləşməsinə xidmət edən mühüm tədbirlər idi. Bunlarla yanaşı, plüralizmin təmin olunması Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsinə və mütərəqqi, sivil dəyərlər əsasında dünya birliyinə inteqrasiyasına mühüm töhfə olmuşdu.

1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəsin elan olunmasından sonra ordumuzun potensialının gücləndirilməsi ilə əlaqədar görülən işlər də dövlət quruculuğunun mühüm tərkib hissəsi oldu. Bu, təkcə hərbi təhlükəsizlik məsələsi deyildi, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün vacib amillərdən idi.

Ulu öndərin strateji diplomatiya siyasəti də modern dövlət quruculuğunun zəruri istiqamətlərindən biri oldu. Ümummilli liderin ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına xidmət edən çoxvektorlu diplomatiya siyasəti Azərbaycanın dostlarının və müttəfiqlərinin sayının artması, beynəlxalq mövqeyinin möhkəmlənməsi, Qarabağ məsələsində ölkəmizin haqlı və birmənalı yanaşmasının qlobal miqyasda dəstəklənməsi kimi hədəflərə yönəlmişdi. Ulu öndər bu milli-strateji məqsədlərə nail oldu - Azərbaycan regionun aparıcı qüvvəsinə çevrildi, beynəlxalq diplomatiyanın diqqət mərkəzində oldu, ölkəmizin ərazi bütövlüyünə dəstək xarakterli mühüm qərar və qətnamələr qəbul edildi.

Qeyd edilənlərdən əlavə, siyasi-ideoloji istiqamətdə görülən işlər nəticəsində istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid milli məfkurə olan azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi, milli birliyin gücləndirilməsi mümkün oldu. Əlbəttə, milli-ideoloji siyasətin vətəndaş-dövlət, xalq-iqtidar birliyini, ictimai həmrəyliyi və siyasi ahəngdarlığı təmin etməsi ölkəmizə mühüm üstünlüklər qazandırdı, Azərbaycanı sabitlikdən tərəqqiyə, tərəqqidən Zəfərə aparan həlledici amillərdən biri oldu.

Siyasi varisliyin təmin olunması - daha güclü Azərbaycan reallığı

Nəhayət, siyasi varisliyin təmin olunması nəinki müasir dövlət quruculuğunun, hətta dövlətçilik tariximizin ən mühüm - strateji əhəmiyyətli hadisələrindən biridir. Ümummilli liderin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində təməli qoyulan işlər - prosesə çevrilən məqsədyönlü fəaliyyət Azərbaycanın bu günə qədər strateji hədəflərinə addım-addım çatmasını təmin edən fundamental faktorlar olub. Ona görə də Heydər Əliyev siyasəti çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin, yaxud dövlət müstəqilliyimizin inkişaf salnaməsidir.

Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də kütləvi informasiya vasitələri ilə Azərbaycan xalqına ünvanladığı tarixi müraciəti yaxşı xatırlayırıq. Ulu öndər demişdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Dünya bir daha liderin tarixin kritik - taleyüklü anında, mühüm məqamında doğru seçiminə, yaxud Azərbaycan xalqı və dövlətçiliyi üçün dönüş nöqtəsi hesab olunan daha bir müstəsna hadisəyə şahidlik etdi. Konkret desək, ümummilli lider yanılmadı və yanıltmadı. Onun qətiyyətli inamı xalqın etimadına çevrildi, başqa sözlə, inam və etimad özünü doğrultdu. Heydər Əliyevin siyasi irsinin daşıyıcısı - ulu öndərin layiqli davamçısı olan cənab İlham Əliyevin 2003-cü ildə prezident seçilməsi müstəqil Azərbaycanın tərəqqisində yeni mərhələnin başlanğıcı oldu. Cənab İlham Əliyev 31 oktyabr 2003-cü il tarixdə keçirilən andiçmə mərasimindəki nitqində: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir... Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm" -  demişdi. Bəli, Heydər Əliyev siyasəti uğurla, şərəflə və ləyaqətlə davam etdirildi.

Ulu öndərin ideyalarına əsaslanan strateji kursun davam etdirilməsi nəticəsində Azərbaycan öz iqtisadi, siyasi gücü, hərbi qüdrəti ilə, xalqımızın mübarizə ruhu və əzmi sayəsində yeni zirvələri fəth etməyə doğru inamla irəliləməyə başladı. 2003-cü ildə xalqın Heydər Əliyev siyasətinin davamına səs verməsi - "HƏ" deməsi nəticəsində Prezident seçilən cənab İlham Əliyev bildirmişdi ki, "mən hər bir azərbaycanlının Prezidenti olacağam". Faktlar və reallıqlara nəzər yetirdikdə məlum olur ki, Prezident İlham Əliyev Vətənə, xalqa, dövlətə sədaqət andında verdiyi vədləri ən yüksək səviyyədə yerinə yetirərək hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib. Onun siyasəti məhz vətəndaşların rifahının yüksəlməsinə, iqtisadi inkişafa, yeniləşməyə, modernləşməyə, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, qürur mənbəyimiz olan üçrəngli bayrağımızın ali məqamda - ən yüksək zirvələrdə dalğalanmasına yönəlib. Və əldə edilən sonuclar, qazanılan nailiyyətlər milli hədəflərə çatmağın göstəricisi, milli maraqlara əsaslanan siyasətin nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları dövlət başçısının milli maraqlara əsaslanan siyasətini tam dəstəkləyirlər. Ötən müddət ərzində baş tutan prezident seçkilərinin, o cümlədən ictimai rəy sorğularının nəticələri bu reallığı birmənalı şəkildə təsdiqləyir. Bütövlükdə, xalq-iqtidar birliyi ölkəmizin davamlı müvəffəqiyyətlər əldə etməsini şərtləndirir. Dövlət başçısı bu məqamlara toxunaraq demişdir: "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı".

Bir sözlə, Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən Zəfərə aparan yol kimi bugünkü parlaq - möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Fərəh və məmnunluq hissilə söyləmək lazımdır ki, ümummilli liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olur, milli tariximizin növbəti şərəfli və qürurlu səhifələri yazılır. XXI əsrin mürəkkəb şərtləri və şəraiti fonunda sabitlik və təhlükəsizlik adası, tolerantlıq nümunəsi və multikulturalizm ünvanı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi səciyyələndirilən Azərbaycanın spesifik və unikal milli inkişaf nümunəsi bir çox ölkələr üçün strateji örnək və iqtisadi-siyasi fenomendir. Ötən müddət ərzində həyata keçirilən siyasətin nəticələrindən, qazanılan nailiyyətlərdən bəhs edən Prezident İlham Əliyev qeyd etmişdir: "Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim... Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur".

Yeni mərhələ - Zəfər yolu ilə növbəti tarixi nailiyyətlərə doğru

Ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan, son 200 illik tariximizdə bənzəri olmayan böyük Qələbə sayəsində torpaqlarımız işğaldan azad, ərazi bütövlüyümüz isə bərpa olunub. Bu Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir, yeni perspektivlərin yaradılmasıdır. Zəfərin strateji prosesə çevrilməsi, siyasi-diplomatik müstəvidə gücləndirilməsi isə Azərbaycanın siyasi qüdrətinin, dövlətçilik təməllərinin, milli gücünün sarsılmazlığını təmin edən əsas sütunlardan, mühüm amillərdən biridir. Prezident İlham Əliyev qeyd edib ki, bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq: "Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz", - deyə dövlət başçısı inamla və qətiyyətlə ifadə edib.

Haqq savaşını möhtəşəm Qələbə - tarixi Zəfər ilə yekunlaşdıran Azərbaycan postmüharibə dövründə yeni nailiyyətlərə imza atır - dünya daha güclü Azərbaycanın uğurlarına şahidlik edir. Bu gün işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin torpaqlara hər bir səfəri fövqəladə məmnunluq, sonsuz qürur və iftixar, milli özünəinam hissi yaratmaqla yanaşı, Zəfər yürüşünün addım-addım və fasiləsiz davam etdiyini göstərir. Prezident İlham Əliyev Azərbaycanı Zəfər yolu ilə yeni nailiyyətlərə, qələbələrə aparır - üçrəngli bayrağı Qələbə zirvəsində dalğalanan qalib və qüdrətli ölkənin yeni və daha möhtəşəm tarixi yazılır.

15 iyun 1993-cü ildə Heydər Əliyevin Qayıdışı, Azərbaycanın Qurtuluşu ilə başlayan sabitlik, firavanlıq, rifah, yüksəliş, inkişaf və tərəqqi dönəmi bizi tarixi Zəfərə apardı. Bu, Heydər Əliyev ideyaları və siyasətinin təntənəsi, Prezident İlham Əliyevin strateji fəaliyyətinin nəticəsi, xalqımızın milli iftixar və istinad yeri, dövlətimizin isə qüdrətinin ifadəsidir.

Bir sözlə, Qurtuluş məfkurəsi Azərbaycan xalqının xilasını, dövlətimizin tərəqqisini ifadə və ehtiva etməklə yanaşı, 30 ilə yaxın müddət ərzində düşmən tapdağında qalmış torpaqlarımızın Qurtuluşunu, azad və abad məkana çevrilməsini, Azərbaycanın bütövləşməsini mümkün edən Zəfər salnaməsidir.