Qaza tələbat var, resurslarımız və müvafiq infrastrukturumuz da var
Ziyafət Rəhimova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, Vüqar Bayramov adına körpələr evi və uşaq bağçasının müdiri
Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 20 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub. Hazırda Avropa ölkələri enerji təchizatı üçün yeni layihələr üzərində düşünürlər. Bu məsələdə əsas tərəfdaşlardan biri də məhz Azərbaycandır. Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib.
Qırx milyard dollardan çox investisiya qoyuluşu planlaşdırılan və 4 seqmenti özündə birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin icrasında - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir. Bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı. Neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq. Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır.
Qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. Yalnız ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar. Əks təqdirdə, neft və qaz istehsal edən ölkələr və bu resurslara malik olmayan ölkələr arasında sanki ayırıcı xətlər görəcəyik. Cənub Qaz Dəhlizinin genişlənməsinin və təbii qaza aid istənilən digər layihənin maliyyələşməsi elə bir şəkildə aparılmalıdır ki, bizim əsas hədəfimizə mane olmasın. Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır. Bizə bir çox ölkələr müraciət etmişdir və artıq altı ölkə bizim təbii qazı alır. Əlavə bir neçə ölkə ilə danışıqlar aparılır.
Qaza tələbat var, resurslarımız və müvafiq infrastrukturumuz da var. Avropa maliyyə institutlarının maliyyələşməsi real yanaşmaya əsaslanmalıdır və ümumi hal almış qazıntı yanacağına qarşı meyillərin kölgəsi altına düşməməlidir. Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin, heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz.
Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər. İqlim dəyişmələri ilə bağlı olan qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Buna görə ölkəmizə hücum edilməməlidir, əksinə təqdir edilməliyik.Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir. Azərbaycanın sürətli inkişafı, iri layihələrin reallaşdırılmasındakı zəngin təcrübəsi, Ermənistan üzərindəki tarixi Qələbəsi və Qarabağdakı lokal xarakterli antiterror tədbirlərindən sonra ərazi bütövlüyünün tam bərpa olunması onu dünyanın sayılıb-seçilən dövlətləri sırasına daxil etməkdədir.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib ölkələrdən birinə çevrilib. Məhz buna görə enerji məsələləri ilə bağlı mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Bakıda keçirilməsi artıq ənənə halını alıb. Bu günlərdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında ümumilikdə 23 ölkədən, 6 beynəlxalq təşkilatdan, 44 şirkətdən yüksək səviyyəli nümayəndələrin iştirakı onların əhəmiyyətini bir daha nümayiş etdirdi