Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Bu əlaqələr tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlığa dayanır. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Vaxtilə Ulu öndərimizin “bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Bu münasibətlərin möhkəmlənməsi üçün atılan addımlardan biri də 2023-cü il sentyabr ayının 25-i Naxçıvanda “İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması” mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. Bu mərasimdə İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyuldu.
Mərasimdə bəyanatla çıxış edən Azərbaycan Prezidenti bildirmişdir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 10 ildən artıq müddət ərzində qazsız qalan qədim Naxçıvan torpağı üçün bu təməlin atılması böyük bir hadisədir. Yaxın gələcəkdə Naxçıvanın yaşıl enerji zonasına çevriləcəyi istiqamətində görüləcək işlər insanların rifahı üçün atılacaq addımlardır. İlham Əliyev bəyanatında yaxın günlərdə ölkəmizin əldə etdiyi tam suverenlik haqqında söz açaraq bildirmişdir: “Biz Azərbaycanda həqiqətən tarixi anlar, günlər, illər yaşayırıq. İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz, beş gün bundan əvvəl uğurlu əməliyyat nəticəsində suverenliyimizin bərpası tarixi hadisələrdir və haqlı olaraq bununla qürur duyuruq”.
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə, həmişə olduğu kimi bu dəfə də Azərbaycana göstərdiyi tam dəstəyə görə təşəkkürünü bildirmişdir. Azərbaycan-Türkiyə qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır. Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin müxtəlif sahələrdə birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək.