Qardaşlığın Praktiki Təzahürü: İssık-Kulda "Bakı" Hotel Layihəsi
Səma Alıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 14 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi
İqtisadi tərəfdaşlıq və xalqlararası qardaşlıq bağları təkcə rəsmi rəqəmlərlə deyil, həm də real infrastruktur layihələri ilə ölçülür. Qırğızıstanın füsunkar təbiəti ilə seçilən İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilən beşulduzlu “Bakı” mehmanxanası bu qardaşlığın praktiki təzahürüdür. Bu layihə regionun turizm potensialını artırmaqla yanaşı, Azərbaycanın Mərkəzi Asiyada iqtisadi mövcudluğunu və investisiya fəallığını göstərən rəmzi bir addımdır.
Humanitar və mədəni əlaqələr bu strateji xəttin ayrılmaz tərkib hissəsidir. Ağdam rayonunda qırğız xalqının dəstəyi ilə inşa edilən və qırğız eposunun adını daşıyan Manas məktəbi işğaldan azad edilmiş ərazilərin bərpasına verilən mühüm töhfə və xalqlarımız arasındakı əbədi qardaşlığın rəmzidir.
Eyni zamanda, Bakıda dahi yazıçı Çingiz Aytmatovun abidəsinin və parkının açılması, həmçinin hər iki ölkədə mütəmadi olaraq keçirilən Mədəniyyət Günləri ortaq köklərə əsaslanan mənəvi bağları daha da möhkəmləndirir. Bu addımlar münasibətlərin yalnız iqtisadi maraqlar üzərində deyil, sarsılmaz mənəvi təməllər üzərində qurulduğunu bəyan edir.
Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunması və Çolpon-Ata Bəyannaməsinin imzalanması isə regionlararası inteqrasiyanın dərinləşməsində mühüm mərhələdir. Bu regional platforma iki bölgə arasındakı coğrafi məsafələri iqtisadi və logistik baxımdan sıfıra endirir.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı olaraq ali dövlət ordenləri – "Heydər Əliyev" və 1-ci dərəcəli "Manas" ordenləri ilə təltif olunmaları dövlətlərimizin ali rəhbərliyinin dostluq və strateji müttəfiqlik münasibətlərinin inkişafına verdiyi müstəsna töhfənin və yüksək qiymətin bariz nümunəsidir.
Qırğızıstan və Azərbaycanın formalaşdırdığı bu yeni ittifaq modeli, Türk Dövlətləri Təşkilatının gücləndiyi bir dövrdə regionda yeni reallıqlar diktə edir. Şərq-Qərb nəqliyyat dəhlizlərinin (Orta Dəhliz) aktivləşdiyi indiki məqamda, Bişkek və Bakı strateji coğrafi üstünlüklərini birləşdirərək qlobal iqtisadiyyatda mühüm tranzit və logistika qovşağına çevrilirlər.
Görünən odur ki, sarsılmaz təməllər üzərində qurulan bu tərəfdaşlıq gələcəkdə hər iki xalqın və regionun rifahını təmin edən ən etibarlı sütunlardan biri olmaqda davam edəcəkdir.