Prezidentin Orta Asiyaya ardıcıl səfərləri Türk dünyasında yeni uğuları müjdələyir

Prezidentin Orta Asiyaya ardıcıl səfərləri Türk dünyasında yeni uğuları müjdələyir

Arzu Hacı-zadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

 1 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimin müavini

Dünyada cərəyan edən proseslər türk dövlətləri arasında birliyin daha da möhkəmlənməsini, bütün sahələrdə inkişafı zərurətə çevirib. Bu birliyin gücləndirilməsi və dərinləşdirilməsi istiqamətində dövlətimiz xüsusi səyləri ilə seçilir. Prezident İlham Əliyevin qətiyyəti, qardaş türk dövlətlərinə etdiyi səfərlər, atdığı inamlı addımlar qeyd etdiklərimizə bariz nümunədir. Azərbaycan Prezidentinin Qazaxıstana səfəri zamanı rəsmilərin çıxışları da bu fikrləri təsdiqləyir.

Son vaxtlar Prezident İlham Əliyevin Orta Asiya respublikalarına səfərləri, o cümlədən imzalanan sənədlər türk dünyasında yeni tərəqqinin və əməkdaşlığın əsasını qoyur. Bununla da, deyə bilərik ki, İlham Əliyevin Orta Asiya ölkələrinə səfərləri türk dünyasında yeni tərəqqinin carçısıdır

Heç şübhəsiz ki, bütün bunlar eyni zamanda Azərbaycanın həm qardaş türk respublikaları ilə əlaqələrinin güclənməsinə, həm də regional və qlobal düzəndə yerinin daha da möhkəmlənməsinə səbəb olur. Bu, həmçinin Türk Dövlətləri Təşkilatının da güclənməsinə təkan verir. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşərdi ki, türk dünyasının birliyinin mərkəzində Türkiyə-Azərbaycan qardaşlığı dayanır. Yəni, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələri digər türk dövlətləri üçün də bir nümunədir. Digər türk dövlətləri də bu əlaqələrədən güc alaraq müvafiq addımların atılması üçün təşəbbüs göstərirlər.

Azərbaycan nəinki türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsində, həmçinin, Qərblə türk dövlətləri arasında etibarlı əməkdaşlığın yaranmasında da mühüm rol oynayır. Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib.

Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Cənab Prezident eyni zamanda vurğulamışdır ki,  xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir.

Eyni zamanda, cənab Prezident Azərbaycanın beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəyini də vurğulamışdır. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.

Prezident İlham Əliyevin nüfuzlu tədbirlərdə iştirakı və dünyada baş verən hadisələrə obyektiv münasibəti, həmçinin ölkəmizin inkişafı, sülh tərəfdarı olması haqqında ətraflı məlumat verməsi bir daha Azərbaycanın yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib. Bu uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyinin fəal üzvü kimi beynəlxalq mövqeyini ildən-ilə gücləndirir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət milli maraqlarımızı qlobal miqyasda layiqincə təmin edir. Prezident İlham Əliyevin bir sıra mühüm əhəmiyyətli tədbirlərdə, o cümlədən Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirakı dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsinə, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir.