Sevinc Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru
Dövlət başçısının rəsmi və işgüzar səfərləri, rəsmi qonaqları qəbul etməsi dövlətlərarası münasibətlərin inkişafına, onlara inamın, etimadın yüksəlməsinə xidmət edir, siyasi mühitin stabilləşməsində böyük əhəmiyyət daşıyır. Bu həm siyasi, həm də iqtisadi münasibətlərin formalaşması baxımından nəinki gərəklidir, həm də zəruridir.
Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun Azərbaycana səfəri də bu baxımdan diqqəti çəkir. Ermənistanın ərazi iddiası ilə başlayan ədalətsiz müharibə 32 il davam etdi. Bu müddətdə ATƏT-in Minsk qrupu işğalçı dövlətə siyasi təsir göstərmədi, fəaliyyəti hiss olunmadı. Nə Azərbaycan torpaqları işğaldan azad olundu, nə də məcburi köçkünlərin geri qayıtması təmin edildi. Eyni zamanda Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı.
2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülhün təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış etdi və sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürdü. Amma Ermənistan tərəfindən buna adekvat cavab verilmədi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirməli idi. Buna baxmayaraq son üç il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi.
Avropa Şurası Parlament Assambleyası siyasi sabitliyi qorumalı olduğu halda, mövcud sabitliyi pozmağa meyillidir. Ümid etmək olar ki, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı öz təsirini göstərəcək. Cənubi Qafqazda dayanıqlı sülh üçün siyasi imkanlar genişlənəcəkdir. Baş katib Martin Çunqonq ölkəmizə növbəti səfərindən məmnunluğunu ifadə edərək Parlamentlərarası İttifaqın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Cari ildə COP29-a ev sahibliyi edəcək Azərbaycanın uğurlu sədrliyinə inandığını deyən Baş katib sözügedən tədbirin təşkilatçılığı ilə bağlı əvvəlki sədrliklərlə yaxın təmasların qurulmasının vacibliyini vurğuladı Azərbaycanın görülən işlərə münasibətdə sistematik yanaşma nümayiş etdirdiyini bildirib.
Prezident İlham Əliyevin Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu əsnasında ölkə başçısı Azərbaycanın haqlı mövqeyini bir daha nümayiş etdirdi.Ölkəmizdə separatizm meyillərinin bundan sonra baş qaldırmayacağını bəyan etdi. Təhlükəsizliyin tam qorunması üçün mövqeyini açıq şəkildə ortaya qoydu və qurulmaqda olan gələcəyin inkişafını məhz dayanıqlı sülhün əldə olunmasında gördüyünü bildirdi.
Beləliklə, Azərbaycan təmsil olunduğu bütün beynəlxalq platformalarda öz hüquq və vəzifələrini davamlı olaraq qoruyub saxlayır, bundan sonra da qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin inkişaf etdirilməsində maraqlarını Azərbaycan xalqının iradəsində bir daha bəyan edir.