Prezident İlham Əliyev 2025-ci il üçün qarşıya qoyulan hədəfləri açıqladı

Prezident İlham Əliyev 2025-ci il üçün qarşıya qoyulan hədəfləri açıqladı

Güləsər Qulaməliyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin müəllimi

Prezident İlham Əliyevin 7 yanvar 2025-ci il  yerli telekanallara verdiyi müsahibə Azərbaycanın qlobal arenada müstəqil və qətiyyətli mövqeyini bir daha təsdiqlədi. Müsahibədə verilən ismarıclar həm xalqımıza qürur və inam bəxş edir, həm də beynəlxalq ictimaiyyəti gerçəklikləri qəbul etməyə çağırır.

Sülhə və qarşılıqlı əməkdaşlığa çağırış,Ermənistanın və ona havadarlıq edən ölkələrin işğalçı niyyətlərinin ifşası, Türkiyə-Azərbaycan qardaşlığı, Azərbaycanın iqtisadi artımının dəyərləndirilməsi, Qarabağın bərpası, Qərbi Azərbaycana qayıdış və s.  bu kimi məsələlərin mahiyyətinidə dayanan amil Azərbaycanın iqtisadi sahədə inkişafa nail olması və Azərbaycanın dünya arenasında artan nüfuzudur.

Prezident İlham Əliyev müsahibəsində növbəti dəfə maskaları yırtır, ikili standartlar yürüdən dövlətləri və təşkilatları öz adı ilə çağıraraq tənqid etmişdir. Bundan başqa Prezident Azərbaycanın Zəfərdən sonra da ədalət və barışığa yönəlik siyasət yürütdüyünü vurğulamışdır. Müsahibədə işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə xüsusi yer ayrıldığını deyərək bildirmişdir ki, Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan infrastruktur layihələri vətəndaşların tezliklə doğma yurdlarına qayıtmasını təmin edəcəkdir.

Prezident İlham Əliyev 2025-ci il üçün qarşıya qoyulan hədəfləri də açıqladı. Bu hədəflər sırasında iqtisadi artımın davam etdirilməsi, qeyri-neft sektorunun payının daha da artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi əsas yer tutur. Dövlət başçısı həmçinin vurğuladı ki, 2025-ci ildə də islahatlar davam etdiriləcək, yeni sənaye və kənd təsərrüfatı layihələri icra ediləcək, insan kapitalının inkişafına yönəlmiş proqramların həyata keçirilməsi, təhsildə və elmdə innovasiyaların tətbiqi əsas prioritetlərindən biri olacaq.

Bu müsahibə dövlətin sosial-iqtisadi siyasətinin şəffaflığını və hesabatlılığını nümayiş etdirir, ictimaiyyətə gələcək planlar haqqında məlumat verir. Bu da o deməkdir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlərə doğru irəliləməyə davam edəcək.