“Ölkəmizdə Zərif Gücün İnkişafına Heydər Əliyev Prinsiplərinin - Səbrin, İradənin və Qətiyyətin Təsiri ” adlı panel diskussiya formatında görüş keçirilmişdir

“Ölkəmizdə Zərif Gücün İnkişafına Heydər Əliyev Prinsiplərinin - Səbrin, İradənin və Qətiyyətin Təsiri ” adlı panel diskussiya formatında görüş keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı 6 mart 2023-cü il tarixdə Suraxanı Rayon Heydər Əliyev Mərkəzində “Ölkəmizdə Zərif Gücün İnkişafına Heydər Əliyev Prinsiplərinin - Səbrin, İradənin və Qətiyyətin Təsiri” adlı panel diskussiya təşkil etmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü cənab Tahir Rzayev, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Zərifə xanım Quliyeva, rayon ictimaiyyətinin üzvləri olan fəal xanımlar və şəhid ailə üzvləri olan qadınlar iştirak etmişlər. Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tədbir iştirakçıları tərəfindən tər güllər qoyulduqdan və Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra  tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmış və Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının qadınların iştirakı ilə həyata keçirdiyi layihələrlə bağlı ” video-çarx nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov müzakirə iştirakçılarını salamlayaraq bildirdi ki, qadınlarla birbaşa görüşlərin keçirilməsi və onların özlərini ifadəsi üçün münbit şəraitin yaradılmasına səbəb olacaqdır. Bu gün təşkil etdiyimiz panel müzakirələrin əsas məqsədi dövlətin həyata keçirdiyi Gender siyasətinə öz töhfəmizi verməkdir. Yerli təşkilatın sədri qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.

Milli Məclisin deputatı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü cənab Tahir Rzayev çıxış edərək dedi ki, tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlarımız kişilərlə bərabər  dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmiş, ailələrində də vəzifələrini layiqincə yerinə yetirmişlər. Belə bir balans və harmoniya mümkündür.  Bu gün bizim qadınlarımız arasında belə nümunələr var. Çox müsbət bir haldır ki, Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün də uğurla davam edir. Bu gün qadınlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar. Bu fakt da dövlətin qadınlara göstərdiyi diqqətin bariz nümunəsidir.

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Zərifə xanım Quliyeva Ulu Öndərlə bağlı əziz xatirələrini dilə gətirdikdən sonra bildirmişdir ki, Azərbaycan qadınları siyasi cəhətdən fəaldır. Onlar daha çox Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşiblər. Partiyamızın sıralarında təmsil olunan şəxslərin böyük bir hissəsi qadınlardan ibarətdir. Bu onların siyasi fəallığının göstəricisi olmaqla yanaşı Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyaya olan böyük inam və etimadın nümunəsidir. Bütövlükdə isə hesab edirəm ki, qadınlarımızın ictimai-proseslərdə fəallığı daha artır.

Görüşdə iştirak edən gənclər açıq müzakirələrin keçirilməsinin əhəmiyyətinə toxunaraq bildirmişlər ki, vaxtaşırı bu cür görüşlərin təşkil olunması dövlətin gender sahəsində həyata keçirdiyi siyasətə xidmət etməkdədir. Qadınlar partiya rəhbərliyi ilə qarşılıqlı dialoq şəklində keçirilən müzakirəni yüksək qiymətləndirərək belə görüşlərin daimi xarakter almasının arzu oldunduğunu ifadə etmişlər.

Sonda Ötən bir il ərzində Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının həyata keçirdiyi tədbir və layihələrdə fərqlənən qadın üzvlərə Fəxri Fərman, Təşəkkürnamə və digər hədiyyələr, yeni üzv olan qadınlara isə YAP-ın üzvlük vəsiqələri təqdim olunmuşdur.