Gülnarə Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Laçında dünyanın nadir 300-400 illik qırmızı palıd ağacları var. Mineral suları tam tədqiq edilməyib.
Laçın rayonunun tanınmış şəxsləri: XVIII əsr Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi Qara Murtuza bəy, XVII əsrdə yaşamış məşhur Azərbaycan aşığı Sarı Aşıq, Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ general qubernatoru Xosrov bəy Sultanov, Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin (pedaqoji məktəbin) ilk təşkilatçı və müdiri Müseyib İlyasov, Azərbaycan Demokratik Respublikası dövründə təhsil naziri Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov və b.
Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.
Azərbaycan Prezidenti cənab İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcəyini vurğulamışdır. Dövlət başçısı çıxışında bildirmişdir: "Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir. Amma Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Məscidin təməlini də mən Laçında olarkən özüm şəxsən qoydum və çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir"
Artıq iki ildən çoxdur ki, Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb və bu işlər davam etdirilir.
Laçın bizimdir! Qarabağ Azərbaycandır!